Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Ukrayna kubokunda mübarizəni dayandırıb. Donetsk təmsilçisi yarışın 1/8 finalında əzəli rəqibi Kiyev “Dinamo”suna 1:2 hesabı ilə uduzub.
Kiyevdəki Valeri Lobanovski adına stadionda keçirilən oyunun ilk hissəsi qolsuz başa çatıb. 48-ci dəqiqədə Luka Meyrellis “Şaxtyor”u önə çıxarıb. Amma 72-ci dəqiqədə Andrey Yarmolenko, 79-da isə Eduardo Gerrero paytaxt təmsilçisinin qələbəsini təmin edib. Beləliklə, “Dinamo” Ukrayna Kubokunun 1/4 final mərhələsinə adlayıb.
Oyundan sonra Arda Turan komandasından gileylənib: “Matçın ümumi gedişindən razı olsam da, uduzma tərzimiz məni qane etmədi. Karyeram ərzində çox məğlubiyyətlər yaşamışam, amma müdafiəyə çəkilərək uduzmaq yolverilməzdir. Oyunun son hissəsində baş verənlər məni ciddi şəkildə məyus etdi. Bütün bunları analiz edib nəticə çıxarmalıyıq”.