“Oklahoma Siti Tanders”in müdafiəçisi doğulub böyüdüyü Həmilton şəhərinin merindən simvolik hədiyyə alıb. Son mövsümün MVP-si Şey Gilgs-Aleksanderə cümə axşamı keçirilən ictimai tədbirdə Həmilton şəhərinin açarı təqdim edilib.
Şəhərin meri Andrea Horvat ulduz basketbolçunun adının küçəyə veriləcəyini də açıqlayıb.
“Böyüyüb dünyanı gəzməyə başladıqdan sonra insanlar həmişə haradan olduğumu soruşurlar. Mən qürurla Həmiltondan olduğumu hər kəsə söyləyirəm.
Həmilton Ontarionun digər şəhərlərindən fərqlidir. Bizdə əyalətin qalan hissəsində olmayan xüsusi bir əzmkarlıq, qətiyyət, qürur və enerji var. Sevdiyim şəhərin açarını alacağımı və mənim adımın küçəyə veriləcəyini öyrənəndə hiss etdiyim inanılmaz sevinci təsəvvür edə bilməzsiniz”, – deyə Gilgs-Aleksander bildirib.