Mütləq Döyüş Çempionatı (UFC) turnirinin Bakıda keçirilməsi Azərbaycan üçün böyük hadisədir.
Newsport.az-ın məlumatına görə, bunu UFC-nin Bakıda keçiriləcək turniri üçün Azərbaycan gələn məşhur MMA döyüşçüsü Belal Məhəmməd jurnalistlərə açıqlamasında deyib.
ABŞ-dən olan 36 yaşlı idmançı ilk dəfə ölkəmizə gəldiyini bildirib:
"Hər şey yüksək səviyyədədir. Yeməklərinizi fərqləndirmək istəyirəm. Azərbaycana təşəkkür edirəm. Bizi maraqlı yarış gözləyir. Bu, ölkəniz üçün böyük hadisədir. Səbirsizlikə iyunun 21-ni gözləyirəm. Hava da çox yaxşıdır".
O, Azərbaycan təmsilçisi Rafael Fiziyevin rəqibi olan çilili İqnasio Bahamondesi dəstəkləyəcəyini söyləyib:
"Fiziyev doğma azarkeşlər önündə mübarizə aparacaq. Mən döyüş vaxtı Bahamondesin küncündə olacağam. Son 8 ildə birlikdə məşq edirik. Bundan əlavə, Camal Hill Çikaqodan olduğu üçün ona da azarkeşlik edəcəyəm. Fiziyevi də bəyənirəm. O da İqnasio kimi ayaqüstə döyüşə üstünlük verir. Bu, çox əla qarşılaşma olacaq. Komanda yoldaşım olduğu üçün İqnasionu dəstəkləyəcəyəm. Məncə, İqnasio UFC-də ayaqüstə ən yaxşı döyüşən idmançıdır. Fiziyev də bu yöndə çox yaxşıdır. Bu səbəbdən çox maraqlı görüş gözləyirik".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.