Formula 1 üzrə ikiqat dünya çempionu və “Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso italiyalı Karlo Ançelottinin “Real”ın baş məşqçisi postundan getməsi və həmyerlisi Xabi Alonsonun gəlişindən danışıb.
“Keçən il “Real” üçün çətin mövsüm oldu. Beş müdafiəçi uzun müddət meydandan kənarda qaldı və bu, komandaya ciddi təsir etdi.
Ançelotti qazanılan kuboklar baxımından “Real”ın indiyə qədər sahib olduğu ən yaxşı məşqçidir. Amma mən Xabi Alonsonun rəhbərliyi altında komandanın inkişaf edəcəyini səbirsizliklə gözləyirəm. O, komandaya təzə ideyalar gətirir və Trent Aleksander-Arnold kimi oyunçuların gəlişi ilə yeni dövr başlayır.
Heç nə əbədi deyil. Hər şey dəyişir. İdollar gəlir və gedir, istər futbol, istərsə də F1. Həyat belədir”, – deyə 44 yaşlı pilot qeyd edib.