Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini keçiriblər.
Newsport.az xəbər verir ki, Litva ilə qarşılaşan kişilərdən ibarət yığmamız rəqibinə uduzub - 1,5:2,5. Yalnız Şəhriyar Məmmədyarov görüşünü qələbə ilə başa vurduğu halda, Aydın Süleymanlı heç-heçə ilə kifayətlənib. Nicat Abasov və Məhəmməd Muradlı isə məğlub olublar.
Kişilərdən fərqli olaraq Vyetnam ilə üz-üzə gələn qadınlardan ibarət millimiz isə qələbə qazanıb - 2,5:1,5.
Günay Məmmədzadə birinci lövhədə məğlubiyyət acısı yaşasa da, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva qalib gəliblər. Xanım Balacayeva isə heç-heçə ilə kifayətlənib.
Xatırladaq ki, kişilərdən ibarət millimiz daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana isə uduzub - 1:3.
Qadınlardan ibarət milli komanda Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyanı (3:1) üstələyib, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.