DSX-nin polkovniki: “Dünya çempionatında qazandığımız nailiyyəti şəhidlərimizə həsr edirik”

“Dünya çempionatında qazandığımız nailiyyəti şəhidlərimizə həsr edirik”.

Newsport.az-ın məlumatına görə, unu Report.az-a açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Firdovsi Umudov Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

Təşkilat Komitəsi tərəfindən yığmaların rəhbəri təyin olunan F.Umudov təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Ölkəmizdə ilk dəfə deyil ki, bu səviyyədə yarış keçirilir. Bütün dünyaya bir daha sübut olundu ki, Azərbaycan yüksək səviyyədə təşkilatçılıq bacarığına malikdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmançılara daim diqqət və qayğı göstərilir. Hərbçilər arasında keçirilən dünya çempionatında da bunu bir daha hiss etdik. Gənclər və İdman Nazirliyi tərəfindən də bizə böyük dəstək göstərildi. Başda Fərid Qayıbov olmaqla, nazirliyin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede də yüksək səviyyədə təşkilatçılığa görə bizi mükafatlandırdı”.

46 yaşlı mütəxəssis Azərbaycan millisinin mundialdakı nəticələrini yüksək qiymətləndirib: “Söz vermişdik ki, Qarabağda qazandığımız zəfərin davamını dünya çempionatında gətirəcəyik. Sözümüzün üstündə durduq, hərb meydanındakı uğuru idman yarışlarında da davam etdirdik. Komandaların hazırlığına, idmançıların seçilməsinə, məşq proseslərinə və digər məsələlərə mən nəzarət edirdim. Ümumiyyətlə, dünya çempionatında zəif rəqib olmur. Hər zaman ən yüksək nəticəni hədəfləmək lazımdır. Bura kifayət qədər tanınmış idmançılar gəlmişdilər. Sərbəst güləş millimiz 5 qızıl, 1 gümüş, 1 bürünc medalla komanda hesabında birinci yeri tutdu. Yunan-Roma güləşi yığmamız da eyni sayda medallar qazandı. Həm yunan-Roma, həm də qadınlardan ibarət güləş millimiz ikinci yerdə qərarlaşdı. Bir sözlə, dünya çempionatında hədəfimizə çatdıq. Qalib ordunun idmançıları kimi çıxış edirdik və bunun məsuliyyətini başa düşürdük”.

DSX-nin polkovniki qazanılan uğurlarda yığmaların məşqçilərinin rolunu xüsusi vurğulayıb: “Əldə edilən nəticələrə görə sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənova, yunan-Roma yığmasının məşqçisi Həsən Əliyevə, qadınlardan ibarət komandanın məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Birgə işin nəticəsində bu nailiyyətləri qazandıq”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan güləşçiləri 11 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right