Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında ikinci günün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Newsport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən tədbirdə qaliblərə medal və kubokları Dövlət Sərhəd Xidmətinin rəis müavini Rəsul Tağıyev təqdim edib.
Yarışın ikinci günündə Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş medal qazanaraq Dövlət Bayrağımızı ucaldıb, Himnimizi səsləndiriblər.
Güləşçi Orxan Abbasov (79 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun Allahverdiyev (61 kiloqram) isə türkiyəli Ahmet Dumana məğlub olaraq gümüş medalın sahibi olub.
Turnirin ilk günündə Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.
Bununla da Azərbaycan təmsilçiləri medalların sayını 9-a çatdıraraq komanda hesabı ilə birinci pillədə qərarlaşıblar.
Dünya çempionatı dekabrın 3-də başa çatacaq.