Kateqoriya: Futzal | Tarix: 11.09.2023 10:53
DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, 5 gün sonra Bakıda Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
Newsport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün və sabah Bakıda hazırlıq keçəcək futzalçılarımız sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq.
İki gün oyunun keçiriləcəyi Buzau şəhərindəki Romeo lamadi arenada məşq edəcək komandamız matçın ertəsi gün Bakıya dönəcək. Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına 14 futzalçı dəvət edib:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)
Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”)