Rafael Vilela: "Rusiya klubunun təklifi təkcə maddi şərtlərə görə cəlbedici deyil"

"Tümen"ə keçidimdən məmnunam, Rusiya çempionunun təklifi təkcə maddi şərtlərə görə cəlbedici olmadı".

Newsport.az xəbər verir ki, bunu İspaniyanın “Palma Futsal” klubundan Rusiya təmsilçisinə keçən Azərbaycan millisinin futzalçısı Rafael Vilela federasiyanın Mətbuat Xidmətinə müsahibəsində deyib.

29 yaşlı hücumçu peşəkar və iddialı klubla anlaşdığını söyləyib: "Bu komanda hər mövsüm çempion olmaq uğrunda mübarizə aparır, mütəmadi olaraq UEFA Çempionlar Liqasında iştirak edir. Bu məqamlar da təklifi müsbət dəərləndirməyimdə həlledici oldu. Danışıqlar Avropa çempionatının final mərhələsindən əvvəl başlamışdı. Ancaq müqavilədəki müvafiq bəndə uyğun olaraq, vaxtından əvvəl klubdan gedəcəyim təqdirdə kompensasiya ödəməli idim. Buna görə danışıqlar bir müddət donduruldu. Ancaq Niderlandda təşkil olunan Avropa çempionatının final mərhələsindəki uğurlu çıxışım, vurduğum qollar məsələni yenidən aktuallaşdırdı. Yekun isə ortadadır. Lazım olan məbləğ ödənildi və “Tümen”ə keçdim".

Vilela yeni klubuna uyğunlaşmaq barədə problem yaşamayacağını sözlərinə əlavə edib: "Bir müddətdir komandanın düşərgəsindəyəm. Gördüklərimə əsasən deyə bilərəm ki, uğunlaşma uzun çəkməyəcək. Çempionatlar arasındakı fərq və tələblər çoxdur. İspaniyada əsasən taktiki və texniki məqamlar ön planda dayanır. Fərdi qabiliyyət çox vacibdir. Amma Rusiyada mübarizəyə diqqət yetirirlər. Eyni zamanda fiziki hazırlığın da yüksək səviyyədə olmalıdır. Oyunların müddətində də fərq var. İspaniyada bir hissə 20, Rusiyada isə 25 dəqiqə davam edir".

Braziliya əsilli oyunçu apreldə komandası ilə UEFA Çempionlar Liqasının “Dördlər final”ında iştirak edəcəyi üçün şad olduğunu deyib: "İstənilən futzalçı belə bir yarışın iştirakçısı olmaq istəyir. Əlbəttə, ilk işim komandama kömək etmək olacaq. Arzulayıram ki, debüt ilimi Çempionlar Liqasının qalibi kimi başa vurum. Bu mərhələdə iştirak ediriksə, deməli, komandam güclüdür. Şans iştirakçıların hər biri üçün var, qalır hazırlaşmaq. Hər bir oyunun öz təyinatı, tarixçəsi var. Komandam güclüdür və zamanı çatanda bu oyunlara da lazımi qədər hazırlaşacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right