Rövşən Hüseynli: “Hər bir oyunun öz məsuliyyəti var”

Caspian Cup-2019 turnirində Rusiya ilə keçirilmiş oyundan sonra Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına müsahibə verib.

Newsport.az milli üzvünün müsahibəsini təqdim edir:

- Oyunu necə xarakterizə edərdin?

- Pis başlamadıq. Rəqibin təzyiq edəcəyini bilirdik. Bizdə isə müəyyən problemlər var idi. Ən əsası hazırkı heyət üzvlərinin son vaxtlarda bir komandada az oynamasıdır. Çünki əksəriyyəti fərqli çempionatlarda, fərqli baş məşqçilərin rəhbərliyi altında çıxış edirlər. Polleto və Kardoso isə məşqlərdə iştirak etmədən meydana çıxmışdılar.

- Birinci hissədəki səhvlər bunun nəticəsi ola bilərmi?

- Baş məşqçinin xüsusi taktikası var ki, onlar bunu bilmirdilər. Demək olar, birinci hissədə adaptasiya oldular. İkinci hissədə “5-in 4-ə” çox oynadıq və əvvəlki oyunlarla müqayisədə daha diqqətli olduq, topu özümüzdə çox saxladıq. Pis alınmadı.

- Məğlubiyyətdən qaçmaq olardımı?

- Əlbəttə, olardı. Epizodlarımız oldu ki, onları reallaşdırmalı idik. Hakimlərin də öz millilərinə simpatiyası və köməyi hiss olunurdu. Bunu bəhanə etmirik. Fasilədən sonra bizim 5-10 faiz üstünlüyümüz var idi.

- Avqustda Belarusla keçirilmiş oyunlarla müqayisədə futzalçıların durumunda fərq hiss olunurdu...

- Təbii ki, hiss olunurdu. Həmin vaxt yay tətilindən yeni gəlmişdik. Düz əməlli məşqlər keçməmişdik. Ancaq bir aylıq müddətdə həm fiziki, həm taktiki məşqlər keçdik, çempionat oyunlarında iştirak etdik. Formamızı bərpa etmişik. Bu gün Rusiya yığması kimi güclü rəqibə məğlub olduq, amma oyunumuz pis alınmadı.

- Növbəti oyunda turnirdəki ən reytinqli komandaya qarşı çıxış edəcəksiniz.

- İran millisi güclü komandadır və Qazaxıstanla qarşılaşmada qələbə qazandılar. Tanış rəqibdir. Onlarla adətən 3:3 hesablı heç-heçələr edirdik. İranlı oyunçular təkbətək mübarizələrə üstünlük verirlər. Baş məşqçimiz onları izləyiblər. Necə oynayacağımızı sabah bizə deyəcək. Rusiyaya qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik.

- Hazırkı turnirdəki komandalarla seçmə mərhələdəki rəqiblərimizi müqayisə etmək olarmı?

- Burdakı komandalar çox güclüdürlər və reytinqəki mövqeləri də bunu isbatlayır. İran Braziliya kimi millini udmuşdu, Rusiya Avropa, dünya çempionatlarının finalında oynayır, Qazaxıstan futzalı da sayılıb-seçilənlərdəndir. Ancaq unutmaq olmaz ki, bütün dünyada futzal inkişaf edir. Reytinqdə, oyun üslubunda bu komandalar fərqli olsalar da, hər bir oyunun öz məsuliyyəti var. 40 dəqiqənin tamamında güclü qalib gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right