Joze Alesio da Silva: "İlk tapşırıq qrup mərhələsindən ¼ finala yüksəlmək idi" Müsahibə

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının yekunları ilə bağlı AFF-nin mətbuat xidmətinə müsahibə verib.

 

Newsport.az sizə həmin müsahibəni təqdim edir:

 

- Avropa çempionatından hansı təəssüratlarla ayrıldınız?
- Üç oyun keçirdik. Əslində, yaxşı başladıq, ispanlarla matçda sensasiya edən Fransanı məğlub etməklə onların bunu davam etdirməsinə imkan vermədik. İspaniya ilə oyunda isə bizi qane edəcək nəticə qazanmaq istəyirdik ki, ¼ finala birinci pillənin sahibi kimi yollanaq. Ancaq nə ikinci, nə də üçüncü oyunda istədiklərimizi realizə edə bildik. Elə problemlər də bundan başladı.


- Problem nədən qaynaqlanırdı?
- Bilirəm, indi əksəriyyəti Portuqaliya ilə oyundakı nəticə üzür. İlk qolu biz vurduq, təəssüf ki, rəqibin dərhal fərqlənməsinə mane ola bilmədik. Çox sadə səhvlər etdik. Hesab arasındakı fərq artıqdan sonra isə konsentrasiyanı itirdik, dağılma oldu. Oyun intizamı pozulduqdan sonra səhvlər də çoxaldı. Sakitləşib, toparlana bilmədik. Əsəblər coşdu, hücumlar qurmaq üçün tələsirdik. Bu məqamlar da yekunda Portuqaliyanın xeyrinə işlədi. Biz qol vurmaq üçün tələsdik, nəticədə səhvlər etdik, topu itirdik, onlar da bunu öz lehlərinə çevirdilər. 
 

- Ümumi nəticə sizi qane etdimi? Belə deyək, ¼ finala yüksəlmək sizin üçün uğur sayılır, yoxsa tapşırıq fərqli idi?
- İlk tapşırıq qrup mərhələsindən ¼ finala yüksəlmək idi. Bunun öhdəsindən gəldik. Ancaq təqvim elə qurulmuşdu ki, biz yarımfinala da yüksələ bilərdik. Bunu çox istəyirdik. Bizim üçün ən azı yarımfinalda iştirak etmək uğur sayılacaqdı. Təəssüf ki, istəyimizi reallaşdıra bilmədik. Məsələyə digər tərəfdən yanaşsaq, sona qalan dörd komandanın hamısı böyük infrastruktura malikdilər. Əvəzində favoritlərdən hesab edilən İtaliya kimi komanda qrup mərhələsini adlaya bilmədi. Onlara qoşulan bir neçə belə komanda oldu. Yəni futboldu, əvvəlcədən oyunun necə qurtaracağını, hansı sürprizlərlə qarşılaşacağını bilmirsən. 
 

- Fransa ilə qarşılaşmadan sonra aparıcı oyunçular bunun davamını gətirə bilmədilər. Səbəbini nə ilə izah edə bilərsiniz?
- Deməzdim zəif oynadılar. Hər oyunun öz xarakteristikası, gedişatı olur. Turnirdən əvvəl demişdim ki, 4 oyunçumuzun fiziki hazırlıqla bağlı problemi var. Vassoura Dubay çempionatında çıxış edir, həftədə cəmi 2 dəfə məşq edir. Vitalinin iştirak etdiyi Serbiya çempionatı dekabrdan dayanıb. Düzdü, o bizə yanvarın 15-də qoşulmuşdu, amma problemlər qalmaqda idi. İstədiyim Fineonu görə bilmədim. Onda da analoji problem yaşanmaqda idi. Bolinya isə zədə üzündən Bakıdakı məşqləri və yoldaşlıq oyunlarını buraxmışdı. Lyublyanadakı hazırlıqda iştirak etsə də, fiziki planda axsayırdı. Üstəlik, oyunlar zamanı da zədələnən futzalçılarımız oldu. Qalo birinci oyundan sonra ayağında ağrılar hiss edirdi. Onu qorumaq üçün İspaniya ilə matça buraxmadıq. İsa Atayev isə İspaniya ilə qarşılaşmada zədələndi. Portuqaliya ilə görüşdə iştirak etməməsinin səbəbi budu.
 

- Yeri gəlmişkən, sizi yerli futzalçılara az şans verməkdə qınayırlar…
- Demək olar, bütün oyunçulara şans verdim. Xətai digərlərindən az oynadı. Ramiz Çovdarov, İsa Atayev meydanda bizə kömək etdilər. Yenə deyirəm, hər oyuna yanaşma və taktiki hazırlaşma var. Baş məşqçi kimi sərəncamımda olan futzalçılardan düzgün və maksimum istifadə etməyə çalışdım. 
 

- Portuqaliya ilə oyundan sonra federasiya prezidenti Zaur Axundov sizə və komandaya nə dedi?
- Hələ necə olacağı bilinmir. Dedi, çempionata hazırlaşın. Bu haqda sonra danışacağıq.
 

- Çempionatda fasilə gələn həftə başa çatacaq. “Araz” əsas rəqiblərindən EKOL-la qarşılaşacaq. Yorğunluq və psixoloji gərginlik oyuna hazırlaşmağınıza mane olmayacaq?
- Artıq diqqətimizi bu oyuna yönəltməliyik. Bir neçə gün istirahət edəcəyik. Həftənin birinci günündən məşqlərimizi bərpa edib, oyunun hazırlığına başlayacağıq. Əlbəttə, çətin oyun olacaq. EKOL qış fasiləsində yaxşı hazırlıq keçib. Sadaladığınız məqamların problem yaradacağı gözləniləndi. Elə etməliyik ki, büdrəməyək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right