Konfrans Liqasında “Çukariçki”yə uduzaraq (0:0, 0:2) mübarizəni dayandıran “Sumqayıt”da 3 günlük istirahət bitib. Dünən ilk məşqə çıxan “kimyaçılar” mövsümün startına kimi adi qaydada hazırlaşacaq.
Avqustun 14-ə kimi olan müddətdə komanda bir yoxlama matçına ehtiyac duyurdu. Artıq bu problem də həllini tapıb. “Sumqayıt” Türkiyə toplanışı ləğv olunan və sınaqçı-rəqib axtaran “Zirə”ylə qarşılaşacaq. Avqustun 7-ə razılaşdırılan oyunun harada keçiriləcəyi bu gün dəqiqləşəcək.
Sözügedən komandaların Premyer Liqanın ilk turlarında qarşılaşmayacaq olması seçimə təsir edib. Belə ki, milli komandanın toplanışı üzündən yaranacaq fasiləyədək cəmi 2 tur oynanılacaq. Həmin turlarda “Zirə” “Qarabağ” və “Neftçi”ylə, “Sumqayıt” isə “Keşlə” və “Sabah”la üz-üzə gələcək.