“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo”ya qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Oyun bizim üçün yaxşı başladı. İstədik ki, erkən qol vuraq, buna görə də rəqibi sıxdıq. Dünən mətbuat konfransında bildirdim ki, “Torpedo” bizdən daha hazırlıqlıdır. Buna baxmayaraq, istədiyimiz futbolu göstərə bildik, hesabı daha fərqli edə bilərdik. Təəssüf ki, alınmadı. İlk oyunda qələbə qazandıq, amma qarşıda 12 min fanat önündə ciddi matç var.
– Oyundan əvvəl belə hesabın olacağını gözləyirdiniz?
– Futboldur, bəlkə də, onlar qələbə qazanardı. Dünya futbolunda da görürsünüz, 5-10 dəqiqə ərzində çox şey dəyişə bilir.
– “Torpedo”nun daha hazır olduğu gözlənilirdi, amma siz üstün tərəf oldunuz. Rəqibdən gözlədiyiniz oyunu gördünüz?
– Onların yaxşı futbolçuları var, bilirdik ki, oynamaqlarına imkan versək, çətin olacaq. İlk dəqiqələrdən təzyiq göstərməyə çalışdıq. Hazırlığa gəlincə, onlar daha bizdən yaxşıdırlar, çempionatları davam edir. Çox sualları cavablandıra bilməyəcəyəm, qarşıda cavab görüşü var. Rəqib 12 min fanatın önündə oynayacaq. Matça hazır olmalıyıq.
– Sanki rəqibdən çəkinirsiniz…
– Bu sualı cavablandırmayacağam. Bütün rəqiblərə hörmətlə yanaşıram.
– Futbolçuların eyforiyaya qapılmaması üçün hansı addımları atmağı düşünürsünüz?
– “Neftçi”nin “Zestafoni” ilə oyunu yadımdadır. Həmin matçda gərgin anlar yaşanmışdı, sonra “Neftçi” əzmkar oynamışdı. Ötən il “DAC 1984” ilə matçda 4:0 qələbə qazandıq, revanşda da ilk qolu vurduq. Amma onlar fərqlənəndən sonra matç sanki kabusa çevrilirdi.
– Yeni transferlər özlərini necə göstərdi?
– Bəzilərində uyğunlaşma problemləri var. Vieriya tam hazır deyildi, lakin onun ustalığına güvənib, meydana buraxdıq. Yaxşı oynamağı bacardı. Tək o deyil, digər oyunçular da pis təsir bağışlamadı. Bizim üçün indiki məqamda vacib olan komandanın tam tərkibdə olmasıdır. Bu gün meydana iki sol vinger, iki sağ cinah müdafiəçisi ilə çıxmışdıq. Futbolçular çətinliklərin öhdəsindən gələ bildi.
– Papunun əvəzlənməsi öncədən planlaşdırılmışdı?
– Bəli, daha gec olacaqdı, amma gördüm ki, emosionaldır, ona görə əvəzetməyə əl atdıq.