UEFA-nın 19 yaşadək futbolçular arasında ötən mövsümdən tətbiq etdiyi Gənclər Liqasının yeni formatına aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, növbəti mövsümdən Çempionlar Liqasında iştirak edəcək 32 klubun U-19 komandası hər biri 4 komanda olmaqla yenə 8 qrupa bölünəcək.
Burda 8 qrup qalibi 1/8 finala birbaşa vəsiqə qazanacaq. Top-32-də yer alan ölkələrin U-19 liqa çempionları (bura Azərbaycanın U-19 liqasının çempionu da daxildir – red.) əvvəlcə I təsnifat mərhələsində, bu mərhələnin 16 qalibi isə II təsnifat mərhələsində mübarizə aparacaq. Bu 2 mərhələ 2 oyunlu sistemlə keçiriləcək.
Daha sonrakı 8 qalib isə Gənclər Liqasının qrupunda II yeri tutmuş 8 komanda ilə pley-offda üz-üzə gələcək. Burda da qalib gələn 8 komanda isə 1/8 finalda iştirak etmək hüququ qazanacaq. 1/4 finaldan qalib çıxmış 4 komanda isə daha sonra “Dördlər finalı”nda mübarizə aparacaq. Yeri gəlmişkən, pley-off mərhələsindən etibarən qarşılaşmalar 1 oyunlu olimpiya sistemi üzrə keçiriləcək. Meydan sahibləri püşkatma yolu ilə müəyyənləşdiriləcək.
Yaş limiti ilə bağlı da yenilik edilib. Turnirdə hər bir klub 40 futbolçunu sifariş ərizəsinə daxil edə biləcək. Bunlardan maksimum 3 futbolçunun 20 yaşadək olmasına icazə veriləcək.
Qeyd edək ki, ötən mövsüm İsveçrənin Nyon şəhərində keçirilən finalda “Barselona” “Benfika”nı 3:0 hesabı ilə məğlub edərək ilk qalib olub.