"Barselona" klubunun baş məşqçisi Luis Enrike sabah Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacaqları APOEL-lə oyunöncəsi maraqlı fikirlər səsləndirib.
Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan ispaniyalı mütəxəssis Çempionlar Liqası oyunlarının onun üçün adi görüşlərdən biri olduğunu bildirib:
"Bu mövsüm iki çempionluğu və "kral kuboku"nu qazanmaq əla olar. Mövsümə yaxşı başladıq və bütün turnirlərdə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, sonda qalib gələn tərəf biz olacağıq. Çempionlar Liqasına gəlincə, bu oyunlar digər görüşlərdən heç də fərqlənmir. Bizim üçün adi oyunlardan biridir. Təbii ki, bütün görüşlərdə bizdən qələbə gözlənilir. APOEL-lə oyuna da qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Barselona" - APOEL oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.