“Səbail”in U-17 komandasının rəsmisi Mirbağır İsayevin AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəza aldığını xəbər vermişdik. Klub rəsmisi komandanın “Keşlə”yə qarşı keçirdiyi matçın hakim-inspektoru Anar Salmanovu təhqir edib.
Newsport.az-a açıqlama verən M.İsayev federasiya rəsmisini təhqir etdiyi üçün peşman olmadığını bildirib: “Mən o AFFA rəsmisini təhqir etmişəm ki, bu adam bir neçə il öncə hakimlikdən qovulub. İndi həmin Anar Salmanov gəlib referilərə qiymət verir. Mən ona dediyim sözlərə görə peşman deyiləm. Oyunun hakimini tanımırdım və onun haqqında heç nə deməmişəm. Elə bil ki məni rüşvətə görə hakimlikdən siliblər, Anar Salmanovu yox. Özünü elə aparır ki, sanki bu, o adam deyil. Onun üzünə söyüş söyməmişəm, sizə dediklərimi ona demişəm. AFFA Salmanovu hakimlikdən qovmuşdu, futboldan uzaqlaşdırılmışdı. Hakimlə heç bir problemim olmayıb, Anarla sözüm düz gəlməyib”.
Təcrübəli mütəxəssis qarşılaşmada tablonun olmadığını bildirib: “İlk dəfədir ki, görürəm 17 yaşlıların oyununda tablo yoxdur. Soruşuram ki, neçə dəqiqə əlavə edilib, cavab vermir. Dedim ki, daha sən niyə oturmusan burda? Səslə ən azından bunu deməli idilər. Onun niyə futboldan uzaqlaşdırıldığını hamı bilir. Hər şeyi üzünə demişəm, peşman deyiləm”.