Azərbaycan Premyer Liqasında XXIII turun “Qarabağ” – “Şamaxı” (8:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Mahirlə Namiqi təbrik edirəm. Hər ikisi qol vurub. Sevindik. Futbolçularımı da təbrik edirəm. Çox yaxşı hazırlaşmışdıq. Yüksək konsentrasiya var idi. Dinamik oyun oldu. Gözəl qollar vurduq. Düşünürəm ki, azarkeşlər də oyundan zövq aldı. “Şamaxı”ya da uğurlar arzulayıram. Belə oyunlar il ərzində az olur. Onlardan biri bu günə düşdü. Mənim karyeramda da belə oyunlar olub. Futbolda belə şeylərdən qaçmaq mümkün deyil. İstənilən komanda digərinə çoxlu qol vura bilər. Hər oyun 3-4-5 real qol epizodu yaranır. Vacib qələbə qazandıq. Qarşıdakı oyunlar çətin olacaq. “Şamaxı” səfəri ağır gözlənilir. Çoxlu azarkeş qarşısında oynayacağıq. Motivasiyamız yüksək olacaq.
- Bu qələbəni ad günü hədiyyəsi hesab edirsiz?
- Mənim üçün hər bir qələbə böyük hədiyyədir. Futbolçuların istəkli çıxmaları, qalib gəlmələri vacibdir. Ad günü hədiyyəsi olduğunu deyən olmadı. Hər birinə təşəkkür edirəm.
- İbrahima Vadjinin adı Norveç klubları ilə yanaşı hallanır...
- Belə fikirlər var idi. Amma əsas oyunçularımızdandır. Bütün futbolçular bizim üçün vacibdir. Onun özəllikləri var. Bu gün meydanda gördük. Hər futbolçunun özünü göstərməsi üçün şans əldə etməsini istəyirəm. Heyətdə tez-tez dəyişikliklər edirik. Hər futbolçu da bundan istifadə etməyə çalışır. Bütün oyunçular mənim üçün ilk “11-lik” üzvüdür.
- Mükafatlarınızın sayı artır. Bu, məsuliyyətinizi də artırırmı?
- Mütləq artırır. Mənim işim, karyeram üçün mükafatlar çox vacibdir. Dəyər verildiyini görəndə daha da işgüzar olmalıyam. Hər birinə təşəkkür edirəm.
- Prezident İlham Əliyev sizi “Şöhrət Ordeni” ilə təltif etdi. Bundan xəbəriniz var idimi?
- Karyeramın ən dəyərli hədiyyəsi idi. Cənab prezidentə bir daha təşəkkür edirəm. Futbolçuların, digər idmançıların elə uğurlarını, faktlarını deyir ki, bütün idman növləri ilə, o cümlədən futblolla yaxından maraqlandığını görürük. Belə bir mükafatı əldə etməyim böyük bir motivasiyadır. Xəbərim yox idi. Çox dəyərli hədiyyə oldu. Başda cənab prezident olmaqla məni təbrik edən hər kəsə təşəkkür edirəm.
- Qarşıda ölkə kuboku matçları gəlir və “Qəbələ”yə qarşı 3 oyununuz olacaq...
- Kubok oyunları fərqlidir. İki oyundan ibarətdir. İstənilən komanda bu şansdan istifadə etmək istəyir və ən yaxşı səviyyədə hazırlaşır. Hər il qarşımıza çempionat və kubokda maksimum nəticə əldə etməyi məqsəd qoyuruq. Yenə də uğurlu nəticə əldə etməyə çalışacağıq. Qismətimizdə olsa, alınacaq.
- Patrik Andradenin müqavilə müddəti bitir. Luka Quqeşaşvili isə icarədədir. Onlar komandada qalacaq?
- Hər ikisindən razıyam. Patrikin müqaviləsi bitir. Qarşıda çoxlu oyunumuz var. Klub rəhbərliyi danışıqlar aparacaq. Futbolçunun istəyi də vacibdir. Burda qalmaq sevgisi olmalıdır. Ürəyi başqa yerdə olacaqsa, burda qalmasının faydası yoxdur. Luka perspektivli qapıçıdır. Bütün xüsusiyyətlərə sahibdir. Daha işgüzar və istəkli olmalıdır. Şahruddin ritmini geri qaytarmağa başlayıb. Luka ilə bağlı da pozitiv fikirdəyəm. Suallara cavab mövsümün sonunda bilinəcək.