Premyer Liqanın 22-ci turunun "Səbail" - "Qəbələ" matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında çıxış edib.
Newsport.az-ın məlumatına görə, Baxşıyev görüşlə bağlı bunları deyib:
"Oyunun ağır keçəcəyini bilirdik. Zədəli və əməliyyatdan çıxan futbolçularımız var. Hansı ki, bu oyunda onları riskə atdıq. Şükürlər olsun ki, sağ-salamat oyunu bitirdilər. Ümumi götürsək, çempionatda ən zəif oyunumuzu oynadıq. Bu da onunla bağlıdı ki, optimal heyəti meydana buraxa bilmirik. Cəzalı və zədəli futbolçularımız var. Bura qədər gəlmişik. Bundan sonra mübarizəni buraxmaq fikrimiz yoxdu. Əlbəttə ki, çətindi. Qarşıda 2 kubok və 6 çempionat oyunumuz var. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib, sona qədər mübarizə aparacaq".
- Müqavilə müddətiniz uzadıldı. Məhz bundan sonra bu cür böyükhesablı məğlubiyyət sizə necə təsir etdi?
- Rəhbərliyin qərarıdı. Təklif də onlardan gəlmişdi. Onun oyuna heç bir təsiri yoxdu. Çempionatımızda zəif rəqib yoxdu. Hər bir komanda digərindən xal almaq gücündədi. Bu oyunda heyət baxımından sıxıntımız olduğundan, ağır olacağını ehtimal edirdik. Ancaq yenə də inanırdıq ki, ən yaxşısını edəcəyik.
- Ötən oyun komandanın "uğursuzluq zolağı"na düşdüyü fikirlərilə razı olmadığınızı demişdiniz. İndi necə, razılaşırsız?
- Xeyr, indi də razılaşmıram. Komandama inanıram. Bu durumdan çıxacaq gücə və xarakterə sahibdi komandam.
- Komandada bu gün nəsə alındı heç olmasa?
- Bugünkü oyunda nə hücumda, nə də müdafiədə yaxşı idik. Fərdi olaraq yox, komanda olaraq uduzduq oyunu. Bugünkü rəqibimiz həmin komandadı ki, "Qarabağ"a da öz meydançasında qalib gəlmişdi. Başımızı aşağı salmaq fikrində də deyilik. Sona qədər "Qəbələ" mübarizəsini aparacaq.
- Qarşıda komandanı ağır qrafik gözləyir. Psixoloji baxımdan da komanda bu durumdan çıxa biləcək?
- Heyət daha geniş olmalıdı ki, həm kubokda, həm də çempionatda oynayasan. Kədərlənmək vaxtı deyil. Qarşıdakı oyuna hazırlanıb, daha yaxşısını etməyə çalışacağıq.