Premyer Liqanın 22-ci turu çərçivəsində “Qarabağ” “Sumqayıt” səfərində 3:0 hesabı ilə qələbə qazandı.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı danışıb:
"Sumqayıt"ın özəl azarkeşləri var. Bura böyük istək və ehtiyatla gəlirik. Rəqibin son 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. Oyuna maraq gətirdilər. Çox yaxşı müdafiə olunmuşdular, çox istəkli idilər. Çox da yaxşı hazırlaşmışdılar oyuna. Hesaba baxmayaraq, sona qədər oyunda yaxşı dinamika var idi. Düşünürəm ki, futbolçularım bu oyundan çox şey götürdülər. Aleksey Baqaya və “Sumqayıt”a uğurlar arzu edirəm”.
- Hər oyundan sonra komanda çempionluğa bir addım da yaxınlaşır. Bu mənada futbolçuları psixoloji cəhətdən oyunlara hazırlamaq çətin olmur? Hər hansı arxayınçılıq, rahatlıq var?
- Hələ ki, hiss etmirəm bunu. Hər oyun futbolçular daha çox istəkli, motivasiyalı olurlar. Daha ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda biz daha yaxşı olmalıyıq. Hələ çempion deyilik. Bizim peşəmiz elədir ki, hər hansı yaxşı formaya gəlib çıxırıqsa, onu qoruyub-saxlamaq lazımdı. Hətta daha da yaxşılaşdırmaq lazımdı. Futbolçularımdan da tələb olunan budu. Oyundan-oyuna istəkli olmaq lazımdı. Çünki futbolçularımız oyundan-oyuna inkişaf edə bilər. Həvəssiz, istəksiz meydana çıxmağın heç bir faydası yoxdu. Bu yöndə işlərimizi aparırıq.
- Canni De Byazinin bu həftə İtaliya mətbuatına milli üzvləri haqda dedikləri müzakirə edildi. İtaliyalı mütəxəssisin fikirlərinə sizin münasibətiniz necədi?
- Hər birinizə və suallarınıza hörmətlə yanaşıram. Amma bu, mənə aid olmayan məsələdi. Hər komandaya, kollektivə cavabdeh insanlar var. Mən “Qarabağ”ın nəticələrinə cavabdehəm. Milli komandanın da öz cavabdeh insanları var. Biz söhbətin içində deyilik. Mənə aid olan bir məsələ deyil. Ona görə də heç bir fikir bildirməyəcəm. Dəfələrlə demişəm ki, futbolçlarımın hər biri canla-başla milli komandaya gedir. Onlara da tapşırıq da verilir ki, necə oynamalıdılar. Hətta mən onlara dəfələrlə bildirmişəm ki, millidə daha yaxşı və daha intizamlı oynamalıdılar. Ona görə öz futbolçularıma güvənirəm, inanıram. Qalan digər məsələlər dediyim kimi mənə aid olmayan məsələlərdi.