“Azarkeşlərimiz qarşısında oynayırdıq. Çətin qarşılaşma olacağını gözləyirdik. Bizim üçün 6 xallıq oyun idi. Qələbə qazanmaq istəyirdik. Çox şadam ki, istəyimizə çatdıq və qalib gəldik. Bunun ardını gətirmək istəyirik”.
Newsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov QOL.az-a açıqlamasında Misli Premyer Liqasının 13-cü turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
21 yaşlı futbolçu matçın gedişində rəqib oyunçu Eren Aydınla arasında yaranan mübahisəyə də aydınlıq gətirib:
“O, dirsəyi ilə çənəmə zərbə vurdu. Məncə, qırmızı vərəqə var idi”.
R.Abbasov “Neftçi”nin qarşısına qoyduğu hədəfin çempionluq olduğunu bildirib:
“Biz hər oyuna qələbə üçün çıxırıq. Bildiyiniz kimi, “Neftçi”nin 90 illiyidir. Ona görə də çempion olmaq istəyirik. Bunun ardını gətirəcəyimizə söz verirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə əla dəstək olurlar. Hədəf yalnız çempionluqdur. İkinci, üçüncü yer barədə düşünmürük”.
Müdafiəçi Azərbaycan millisinin pley-off şansları ilə bağlı suala da cavab verib. O, Lixtenşteynlə oyundan əvvəl reqlament barədə məlumatlı olduqlarını vurğulayıb:
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi. Hətta Litva ilə oyundan sonra da millimizin pley-off şansının olduğu barədə mediada xəbərlər çıxmışdı. İclaslarda bu barədə söhbət olmuşdu. Təəssüf ki, Lixtenşteynlə oyunda çox qol vurmaq mümkün olmadı”.