“Sabahın Ulduzları” “Bu layihə AFFA-nın ən önəmli, ən vacib sahəsidir”

Bu gün Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Sabahın Ulduzları” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilərək, iştirakçılara layihənin məqsədi və hədəfləri təqdim olunub.

Tədbirdə ilk çıxış edən Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov layihənin əhəmiyyətindən danışaraq, bildirib:

“Bu gün biz burada Azərbaycan uşaq futbolunun yeni təməlini qoyuruq. Bu idman növünün gələcəyi üçün bir olmalıyıq və daha yaxşı futbolçular yetişdirməliyik”.

Daha sonra söz alan AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxışında vurğulayıb:

“Bu layihə AFFA-nın ən önəmli, ən vacib sahəsidir. Bizim əsas fərasətimiz, gələcəyimiz uşaq futboludur, sabahın futboludur. Atılan addımların ən vacibi də məhz buradadır. Bu istiqamətdə həyata keçirdiyimiz layihələrin miqyasını görmək üçün üç böyük addımımızı vurğulamaq yerinə düşər: Məktəbli Kuboku. Bu, 30 minə yaxın şagirdin, 2 kateqoriyası üzrə həm oğlanların, həm də qızların iştirak etdiyi nəhəng bir yarış idi.

İkinci böyük addımımız isə yenilikçi “İ-Ball” çempionatıdır. Bu çempionat çərçivəsində uşaqların meydançada etdikləri futbol hərəkətləri, fəndlər yaxından izlənilir və trend səviyyəsinə qaldırılır. Bu platforma uşaqlarımızın Avropaya açılması üçün güclü bir zəmin yaradır.

Üçüncü böyük addımımız “Sabahın Ulduzları” isə hazırda keçirilən, 12 komandanın mübarizə apardığı xüsusi turnirdir. Buradakı uşaqlar gələcəyimizdir. Turnirin ümumi potensialı olduqca geniş və böyükdür. Əsas planımız odur ki, bir neçə il ərzində bu turniri daha yüksək səviyyəyə çatdıraq və beynəlxalq statuslu bir yarışa çevirək. Bu yolda bizə dəstək olan “Apex” şirkətinə böyük minnətdarlığımızı bildiririk. Hər bir addımımızı bu günün deyil, gələcəyin uğuru üçün atırıq. Hazırda komandamızda zəngin karyeraya malik texniki direktor Edmund Klaus var. Onun təcrübəsi və ideyaları bizim üçün çox əhəmiyyətlidir. İnanırıq ki, bu sistemli addımlar bizə çox yaxşı nəticələr verəcək”.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da layihə ilə bağlı fikirlərini bölüşüb:

“Uşaq futbolu bizim yaralı yerimizdir. Cahangir Fərəcullayevlə milli barədə söhbət edərkən 15 dəqiqə sonra uşaq futboluna keçirik. Bu məsələdə klublar önə çıxmalıdır. Deyirlər ki, AFFA futbolçu yetişdirməlidir. Bu fikir düzgün deyil. Mütəxəssislər xaricə klubların akademiyalarına yollanmalıdırlar. Düzdür, bunu üçün maliyyə də önəmlidir. Milliyə oyunçu seçməkdə çətinlik çəkirik. Ona görə də “Sabahın Ulduzları” kimi yarışların bölgələrdə təşkili daha faydalı olar”.

Daha sonra söz AFFA-nın texniki direktoru Edmond Klausa verilib:

“Uğur istəyiriksə, bir olmalıyıq. Hər kəs qısa zamanda uğur əldə etmək istəyir. Amma futbolda bu mümkün deyil. AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var. Bunu davam etdirmək lazımdır. “Sabahın Ulduzları” adı mənə xoş gəlir. Vaxtilə “Qəbələ” Futbol Klubu buna uyğun beynəlxalq yarış təşkil edirdi. Təəssüf ki, hazırda bu turnir keçirilmir. Uşaq futbolunun inkişafı üçün klublar da müəyyən işlər aparmalıdır. Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir. Ölkəniz diqqət mərkəzindədir. Elə şərait yaratmalıyıq ki, futbolçular potensialından daha çoxunu ortaya qoya bilsinlər”.

Tədbir BFF və turnirin sponsoru arasında imza mərasiminin keçirilməsiylə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right