Ülvi Babayevdən yekun qərar: “Özümü Rusiya millisində görürəm”

Bir müddət əvvəl adı Azərbaycan millisi ilə birgə hallanan Ülvi Babayev hazırda Rusiyanın U-21 yığmasının düşərgəsindədir.

Newsport.az xəbər verir ki, əslən azərbaycanlı olan 21 yaşlı hücumçu “championat.com” saytına geniş müsahibə verib. Moskva “Dinamo”sunun oyunçusu yığmamızda mümkün çıxışla bağlı sualı da cavablandırıb. Babayev bu məsələyə birdəfəlik son qoyub.

Həmin müsahibənin bir hissəsini təqdim edirik:

– Cari mövsüm sənin üçün ən əsas hadisə “Krylya Sovetov”la oyunda het-trik etməyindir. Həmin günü necə xatırlayırsan?

– Oyuna tam hazır idim. Baş məşqçinin bu rəqibə qarşı məni start heyətində oynadacağını anlayırdım. Adi gün idi, heç nə xüsusi deyildi. Sadəcə meydana çıxıb düşünmədən oynadım. İlk qolda Tyukavin mənə çox yaxşı ötürmə verdi. O an hiss etdim ki, həmin mövqedən vura bilərəm. Həmin matçdan sonra gözləntilərin artması normal idi. Bu, məni təəccübləndirmirdi. Göstərdim ki, futbol oynaya bilirəm. Xüsusi heç nə dəyişməyib. Öz işimi görməyə davam edirəm.

– Bu mövsüm üçün şəxsi hədəfin var?

– Əlbəttə, əsas milliyə çağırılmaq istəyirəm. Orada olmaq ən böyük arzumdur. Ondan sonra da qalır oyun vaxtı almaq və verilən şanslardan düzgün istifadə etmək.

– “Dinamo”nun baş məşqçisi Valeri Karpinlə milli barədə söhbətin olub?

– Xeyr. Karpin bir oyunda vurduğum üç qolun arxasınca getməyəcək. O, sabitliyə baxacaq. Bir görüşdə üç qol vurduğum üçün milliyə düşməyəcəyim aydındır. Əsas odur məşqçi hiss etsin ki, hansısa futbolçu yetişib və uşaq səviyyəsini keçib.

– Çoxdan idi ki, aşağı yaş qrupu üzrə milliyə dəvət almırdın. Gənclər millisinə çağırıldığın zaman hansı hissləri yaşadın?

– Rusiya gənclər millisinin düşərgəsində olmaq çox xoşdur. Çünki son dəfə yeniyetmələr millisində olanda 14-15 yaşım vardı. Çox vaxt keçib. Uşaqlar məni yaxşı qarşıladılar. “Dinamo”dan tanıdığım və bir yerdə oynadığım futbolçular var. Uyğunlaşma prosesi asan keçir.

– Adın Azərbaycan millisi ilə birgə hallanırdı. Bu barədə səninlə kiminsə danışığı olub?

– Atamın Azərbaycanda anadan olmasına böyük hörmətim var. Amma mən Rusiyada doğulmuşam. Mənə heç kim müraciət etməyib və bu istiqamətə baxmamışam. Öz hədəflərim və məqsədlərim var, onları Rusiya millisində görürəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right