“Kəpəz”ə dayaq olan dirəklər Təhlil

Bu tur Bakıdan kənarda keçirilən yeganə oyun “Kəpəz” – “Qarabağ” görüşü idi. Ötən mövsüm Gəncədə büdrəməyən çempion bu dəfə də qələbə seriyasını davam etdirməyi düşünürdü. Amma sanki mistik bir qüvvə “Kəpəz”in tərəfində idi. Azarkeş və dogma meydan öz yerində. Standarta cavab verməyən qazon da “Qarabağ” üçün sürpriz olmadı. Amma Qurban Qurbanov və komandası tir və dirəklərin də gəncəlilərin tərəfində olduğunu bilmirdi…

“Qarabağ”dan qəribə addım

Adətən, komandalara səfərə bir gün əvvəl yollanır, axşam saatlarında oyunun keçiriləcəyi stadionda məşq edir. Məşq edir ki, qazona az-çox alışsın. Ancaq çempion fərqli addım atdı. “Qarabağ” oyuna 1-2 saat qalmış Gəncəyə çatdı. Bakıdan Nizami yurduna təyyarəylə yollanan ağdamlılar yalnız oyunun startına 40-45 dəqiqə qalmış Gəncə şəhər stadionunun ot örtüyü üzərində yüngül hazırlıqla, daha doğrusu, isinmə hərəkətləriylə kifayətləndi. Yekunda qələbənin əldə olunmamasında bunun rolu var idimi? Bəlkə də. Hər halda, “Qarabağ” yazılmamış futbol qaydasının ziddinə getdi və geriyə 3, yox 1 xalla qayıtdı.

Ağır qazona baxmayaraq...

Ötən mövsüm Gəncə səfəri klublar üçün ən çətin səfər sayılırdı. Bunun da bir neçə səbəbi var idi. Birincisi, “Kəpəz”i böyük azarkeş ordusu dəstəkləyirdi və bu da qonaqları təzyiqdə saxlayırdı. Əlbəttə, doğma meydan amili də sözünü deyirdi. Ancaq qonaqlar ən çox qazonun ağır vəziyyətinə görə əziyyət çəkirdi. Xüsusən payız və qış aylarında ot örtüyü sıradan çıxdığından Gəncədə qalib gəlmək hər komandaya qismət olmurdu. Bu dəfə ilk baxışdan qazon yaxşı görünsə də, əslində vəziyyət yenə ürəkaçan deyildi. Bir gün yağan yağış ot örtüyünü ağırlaşdırmışdı. Bunu oyundan sonra futbolçular da etiraf etdi. Bu isə futbolçuları daha çox fiziki güc sərf etməyə məcbur edir, zədə riskini artırırdı. Şəhriyar Əliyevin zədələnməsində də qazonun rolu olduğunu söyləmək olar. Üstəlik, belə şəraitdə topla davranmaq çətin idi. Amma bütün çətinliklərə baxmayaraq, stadiona toplaşanlar maraqlı və açıq mübarizə izlədi. Qapılar qarşısında yaranan çoxsaylı epizodlar qazonun ağır durumunu hiss etdirmədi.

Heyətləri “xırdalayarkən”...

Adətən, futbolda belə bir fikir var: qalib heyəti dəyişməzlər. Ancaq Qurban Qurbanov bu prinsipə əməl etməmişdi. “Qarabağ”ın çalışdırıcısı “Zirə” üzərindəki qələbədə əsas pay sahibi olmuş Rahid Əmirquliyevi, həmçinin Qara Qarayev, Boyan Şaranov və Əfran İsmayılovu ehtiyatda saxlamışdı. Ansi Aqollinin adı isə ümumiyyətlə, “18-liy”ə salınmamışdı. Adları çəkilənlərdən yalnız İsmayılov sonradan oyuna qoşuldu. Qapıda İbrahim Şehiç dayanmışdı. Arif Daşdəmirov müdafiənin solunda, Maksim Medvedev sağında qərarlaşmışdı. Rəşad Sadıqov və Elvin Yunuszadə stopper funksiyasını yerinə yetirirdi. Coşqun Diniyevlə Miçel həm müdafiəyə, həm də hücuma kömək etməliydi. Reynaldo yarımmüdafiənin solunda, Dani Kintana sağında, Riçard Almeyda isə mərkəzində qərarlaşmışdı. Onlar Dino Ndlovunu topla təchiz etməliydi. “Kəpəz”də qapını Tadas Simaitis qoruyurdu. Tural Axundov, Şəhriyar Əliyev, Renan və Şəhriyar Rəhimov müdafiə “4-lüy”ünü təşkil edirdi. Dayaq yarımmüdafiəçiləri Vüqar Bəybalayevlə Kərim Diniyev idi. Maraqlıdı ki, Şahin Diniyev Nicat Qurbanovu ehtiyatda saxlamış, əvəzində yarımmüdafiənin sağına gənc Orxan Əliyevi yerləşdirmişdi. Dario Federiko soldan, Serjinyo mərkəzdən hücumlara qoşulmalıydı. Julien Ebah isə ön xəttin sivri ucunda yer alaraq gəncəli azarkeşləri qolla sevindirməliydi.

“Kəpəz” müdafiəçisini itirsə də...

Gözlənildiyi kimi,  “Qarabağ” ilk dəqiqələrdən çəkisini hiss etdirdi. Bir neçə dəfə qonaqlar qola yaxın oldu. Gah Simaitis yaxşı oynadı, gah kapitan, gah da tir “Kəpəz”in dadına çatdı. Amma meydan sahibləri də boş oturmurdu. İmkan düşdükcə əks-hücumlardan və standart vəziyyətlərdən fərqlənməyə çalışırdılar. Belə epizodlardan birini Ebah dirəyi titrətdi. Ancaq bir qədər sonra Şahin Diniyev çətin vəziyyətə düşdü. Əzələsini dartan Şəhriyar Əliyev oyunu davam etdirə bilmədi. Belədə onun yerinə Azad Kərimov meydana daxil oldu. Çətin vəziyyətdə olmasına baxmayaraq, əzmkar mübarizə sərgiləyən “Kəpəz” ikinci yarının əvvəllərində hesabı açdı. Orxan Əliyevin ara ötürməsini Dario Federiko dəqiq tamamladı.

Qurbanovun əvəzetmələri sözünü dedi

Qurban bəy hücumu təravətləndirməyin vaxtının çatdığını anladı. Belə ki, 66-cı dəqiqədə Əfran İsmayılovu Dino Ndlovunun, Mahir Mədətovu isə Coşqun Diniyevin yerinə meydana buraxdı. Belədə heyətdə yerdəyişmələr baş verdi. İsmayılov yarımmüdafiənin sağına keçdisə, Kintana mərkəzdə qərarlaşdı. Almeyda isə dayaq yarımmüdafiəçisi kimi çıxış etməyə başladı. Mədətova gəlincə, gənc hücumçu sivri ucda qərarlaşdı. 9 dəqiqə sonra bu dəyişikliklər sözünü dedi. Mahir – Əfran – Reynaldo kombinasiyasını sonuncu dəqiq tamamladı – 1:1. “Qarabağ” hesabda irəli də çıxa bilərdi. Amma əvvəlcə Almeyda, ardınca isə Mədətov dirəyə uduzdu. İstənilən halda, çətin Gəncə səfərindən 1 xalla qayıtmağı da qənaətbəxş nəticə saymaq olar. Düzdür, “Qəbələ” bu turu itkisiz başa vurub, aradakı xal fərqini 3-ə çatdırdı. Amma hələ mövsümün başındayıq. Deməli, “Qarabağ” üçün 3 xal ciddi fərq sayıla bilməz.

Hacı Mərdan

BAKI - GƏNCƏ - BAKI  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right