Fevral ayında “Neftçi”yə transfer olunan və ötən ay klubdan ayrılan Keysuke Honda 2020/21 mövsümündə Avropanın yüksək liqalarından kənarda oynayan ən yaxşı yaponiyalı futbolçular sırasında yer alıb.
Newsport.az xəbər verir ki, Yaponiya mətbuatının apardığı araşdırmada 35 yaşlı yarımmüdafiəçi 61 yaponiyalı oyunçunun yer aldığı siyahıda 9 ən yaxşı futbolçudan biri olmağı bacarıb. Hondanın qiymətləndirilməsində onun “Neftçi”yə transferindən əvvəl klubun Premyer Liqanın turnir cədvəlində 2-ci yerdə qərarlaşması, keçiddən sonra mövsümü çempion kimi başa vurmasının əhəmiyyəti böyük olub. Oyunçu Premyer Liqada 7 matçda meydana çıxıb. O, bunlardan 6-da oyuna start heyətdə başlayıb. Həmçinin Honda paytaxt klubunda 2 qola imza atıb.
Ən yaxşı “9-luq”da Honda ilə yanaşı, Şinji Kaqava (PAOK - Yunanıstan), Toiçi Suzuki (“Lozanna”), Yamato Vakatsuki (“Syon”), Nikki Havenaar (“Tyun” – hər üçü İsveçrə), Kosuke Kinoşita (“Stabek” - Norveç), Atomu Tanaka (HİK - Finlandiya), Taiçi Hara (“İstra” - Xorvatiya) və Takuma Asano (“Partizan” - Serbiya) da yer alıb.
Qeyd edək ki, Hondanın “Neftçi” ilə başa çatan müqaviləsi yenilənmədiyi üçün o, klubdan ayrılıb.