İtaliya millisinin və "Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyero karyerasını bitirmək haqda düşünmür. Newsport.Az xəbər verir ki, qocalmaq bilməyən Del Pyero növbəti mövsümdə də meydanda olmaq istəyir.
2012-ci ildə transfer olunduğu Avstraliyanın "Sidney" klubundan martda ayrılan təcrübəli futbolçu avqustun 10-da 19 il formasını geydiyi "Yuventus"a qarşı yoldaşlıq görüşü keçirəcək. O, keçmiş komandası ilə oyunu böyük həyəcanla gözlədiyini deyib: "Yuve" ilə oyunu həvəslə gözləyirəm. Bu, Avstraliyada son oyunum ola bilər. Ancaq karyeramda son deyil. Çünki növbəti mövsümdə də meydanda olmaq istəyirəm".
Del Pyero 19 il şərəfini qoruduğu Turin klubunun heyətində keçirdiyi 513 matçda 208 dəfə rəqib toru silkələyib. 2012-ci ildən "Sidney"ə keçən 39 yaşlı italyan hücumçu, bu komandada 48 oyunda 24 qolla yadda qalıb.