2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzinə cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
Newsport.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatıb.
Hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər düşmən işğalından qurtarılıb.
Azərbaycan əsgər və zabitləri ağır döyüşlərdə Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yararaq irəliləyib. Torpaqlarımız şəhidlərimizin qanı və canı, hərbçilərimizin qəhrəmanlığı bahasına azad olunub.
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş hesab edilir.
Şuşa şəhərinin azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycanın hərbi uğurları Ermənistanı məğlubiyyətini qəbul etməyə və kapitulyasiya aktını imzalamağa məcbur edib. Nəticədə Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması barədə razılıq əldə olunub.
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalanıb. Sənədə əsasən, həmin gün Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.
Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam şəhəri və rayonun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Azərbaycan bu ərazilərə nəzarəti heç bir hərbi itki vermədən bərpa edib.
Bununla belə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində proses davam edib. 2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradılıb.
Həmin il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlayıb. 24 saatdan az davam edən tədbirlər nəticəsində qanunsuz erməni silahlı birləşmələri silahı yerə qoyaraq təslim olub və Azərbaycanın şərtlərini qəbul edib. Beləliklə, ölkəmizin dövlət suverenliyi bütün ərazisində tam təmin edilib.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə Azərbaycan bayrağını ucaldıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Azərbaycan xalqının birliyi, əzmi, iqtisadi gücü və müasir ordu quruculuğu tarixi Qələbənin əsas amillərindən olub. 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb.