"Beşiktaş" və "Antalyaspor" arasında keçiriləcək Türkiyə Kubokunun finalında azarkeşlərin iştirakı ilə bağlı qərarda dəyişiklik edilib.
Newsport.az-ın məlumatına görə, oyun tamaşaçısız keçiriləcək. Daha əvvəl Çempionlar Liqasının final oyunu İstanbulda olacağı üçün ölkə kubokunun həlledici görüşündə də stadion tutumunun 1/3 hissəsi həcmində fanatların iştirakına razılıq verilmişdi. Lakin sonradan UEFA finalı qonşu ölkədən alaraq Portuqaliyaya verdiyi üçün bu icazə ləğv olunub.
Mayın 18-də İzmirdəki Göztepe Gürsel Aksel stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.