Bosniyalı qapıçı Asmir Beqoviç 2020/21 mövsümünün yekununa əsasən “Borntmunt”un ən yaxşı futbolçusu seçilib.
Newsport.az xəbər verir ki, o, yaxşı bal toplayıb. Bununla da o, ikinci yeri tutan hollandiyalı yarımmüdafiəçi Arnaut Danjumanı (33 faiz) və ingilis müdafiəçi Kemeron Karter-Vikersi (7 faiz) qabaqlayıb.
Beqoviç bu mövsüm Çempionşipdə mübarizə aparan “Borntmunt”un əsas qapıçısı kimi 45 oyunda meydana çıxıb və 44 qol buraxıb. 15 matçda isə o, qapısını toxunulmaz saxlayıb. Bu, onun son illərdəki ən uğurlu çıxışlarından hesab olunur.
“Borntmunt” Çempionşipi 6-cı yerdə tamamladığından yenidən Premyer Liqada oynamaq şansı qazanıb. Bunun üçün komanda pley-offda yarışacaq.
Xatırladaq ki, Asmir Beqoviç 2019/20 mövsümünün yarısını “Qarabağ”da keçirib. Sonra icarə qaydasında “Milan”da oynayıb. 2020-ci ilin avqustun 31-də isə müqavilə ilə məxsus olduğu “Borntmunt”a qayıdıb.