“Bavariya”nın hücumçusu Erik Şupo-Motinq Kamerun yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda forma geyinə bilməyəcək.
Newsport.az xəbər verir ki, o, qəribə bir yanlışlıq səbəbindən millinin qarşıdakı toplanışına dəvət ala bilməyib.
Kamerun yığmasının baş məşqçisi Antonio Konseysao Kabo-Verde (26 mart) və Ruanda (30 mart) milli komandalarına qarşı keçirəcəkləri oyunlar üçün açıqladığı heyətdə Şupo-Motinqə yer verməyib. Bu, Kamerunda böyük əks-sədaya səbəb olub və yerli mətbuat hücumçunun milliyə niyə dəvət almadığını araşdırmağa çalışıb. Konseysao mətbuata açıqlamasında futbolçunun klubuna göndərilmiş məktuba heç bir cavab verməməsi səbəbindən millidən kənarda qaldığını bəyan edib.
Futbolçunun atası və şəxsi məşqçisi Just Şupo-Motinq isə Kamerun telekanallarından birinə verdiyi açıqlamada bu iddianı təkzib edib. O, əsl problemin Kamerun Futbol Federasiyasından qaynaqlandığını bildirib: “Federasiya mənimlə əlaqə saxladı və nə baş verdiyini öyrənmək istədilər. Bundan xəbər tutan kimi, “Bavariya” rəsmiləri ilə əlaqə saxladım. Onlar isə kluba heç bir dəvət gəlmədiyini söylədilər”.
Bir sözlə, Kamuren Futbol Federasiyası bir müddət əvvəl Şupo-Motinqin milliyə dəvət alması ilə bağlı “Bavariya”ya məktub göndərsə də, e-mail ünvanı səhv qeyd olunduğu üçün, fərqli ünvana gedib. Nəticədə, klub və futbolçu heç bir məktub alınmaması səbəbindən təbii olaraq, federasiyanın dəvətindən xəbərsiz qalıb. Ata Şupo-Motinq baş verən bu yanlışlıq səbəbindən Kamerun Futbol Federasiyasının “Bavariya”dan üzr istədiyini də bildirib. O, oğlunun milli komandada oynamağa hər an hazır olduğunu, Münhen klubunun da buna qarşı çıxmadığını bəyan edib.