"Atletiko"nun baş məşqçisi Dieqo Simione Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə uduzduqları cavab matçından (0:2) sonra fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis rəqibin qələbə qazanmağa layiq olduğunu deyib: İlk qarşılaşma heç-heçə ola bilərdi. Amma sonra onlar qol vurdular. Bu matçda "Çelsi" bizdən daha yaxşı oynadı və layiqli qələbə qazandı. Biz qol vurmaq üçün fürsət tapmağa çalışdıq, amma səylərimizə baxmayaraq, bunu edə bilmədik. Təzyiq göstərdik, ancaq topa nəzarət rəqibdə idi".
Argentinalı çalışdırıcı "Çelsi"nin onlardan üstün olduğunu vurğulayıb: "Deyəcək başqa bir şey yoxdur. Biz oyunumuzu təkmilləşdirməliyik. İndi peşman olacağımız bir şey yoxdur. Çünki mübarizə bitdi. Joao Feliksin isə bu günkü oyununa görə sevindim. Mübarizəni davam etdirmək istəyirdik, amma bu mövsüm Çempionlar Liqasında yetəri qədər yaxşı çıxış etmədik. Oyunçuların əvəzetmədən narazı qalmaları isə normaldır. Vəziyyəti dəyişdirmək, daha çox hücuma çıxmaq istəyirdik. Bəhanə axtarmıram. "Çelsi" üstün idi. Şikayətlənə bilmərəm. Rəqibi təbrik etməli, dərs çıxarmalı və yenidən çalışmalıyıq".