“Qalatasaray” sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.
Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə nigeriyalı futbolçunun “Monako”dan mövsümün sonuna kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb. 23 yaşlı vinger köhnə-yeni komandasında “7” nömrəli formanı geyinəcək.
“Qalatasaray” “Monako”ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4.35 milyon avro ödəməsi lazımdır.
Lakin bu, 2021-ci ilin 11 iyununa kimi keçərlidir. “Onyekuru”nun özü idə Türkiyə klubunda bu mövsüm 750 min avro qazanacaq.
"Qalatasaray” Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/19 mövsümündə “Everton”dan icarəyə götürülən futbolçu 2020-ci ildə də “Monako”dan icarətə götürülmüşdü.
Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində bütövlükdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.