“Qara paltarlı məşqçi”

Çempionlar Liqasının 1/4 finalında Madrid “Atletiko"su “Real"a məğlubiyyətdən sonra turdirdən kənarda qaldı. Bir çox mütəxəssislər “Atletiko"nun bu mövsüm titulsuz qala biləcəyinə ehyam vuraraq, mövsümü komanda üçün uğursuz hesab edirlər. Ötən il İspaniya çempionu olan, Çempionlar Liqasının finalına vəsiqə qazanan “Atletiko" haqqında bu söhləri bir neçə il əvvəl söyləsəydilər, təəccüb doğurardı. Çünki son illərə kimi Madrid klubu nəinki Avropanın, hətta İspaniyanın ortabablarından biri hesab edilirdi. Hazırda isə “Atletiko" sayılıb-seçilən komandalardan birinə çevrilib. Əlbəttə, bu uğurda komandanın baş məşqçisi Dieqo Simeonenin rolu az deyil. Aprelin 28-də argentinalı mütəxəssisin 45 yaşı tamam oldu. Onun haqqında söhbət açmağın əsl məqamıdır. Onun futbolçu və məşqçi karyerasına qısa nəzər saldıqdan sonra haqqında topladığımız maraqlı məlumatları da nəzərinizə çatdıracağıq. Yeri gəlmişkən, bu sayımızın posteri də məhz Dieqo Simeonedir.

Dieqo Pablo Simeone 1970-ci il aprelin 28-də Argentinanın paytaxtı Buones-Ayresdə dünyaya gəlib. Uşaq vaxtlarından futbola hədsiz həvəsi olan Dieqon peşəkar karyerasına 17 yaşından başlayıb. Onun ilk klubu Argentinanın ən məşhur klublarından olan “Veles Sarsfild" olub. Tədricən komandanın əsas heyət oyunçusuna çevrilən Dieqo 3 il bu komandanın şərəfini qoruyub. Sərgilədiyi futbolla az bir zamanda istedadını ortaya qoyub və 1990-cı il Avropaya köç edib. İtaliyanın “Piza" klubu 20 yaşlı futbolçunu heyətinə qatıb. “Piza" o vaxtlar A Seriyasında çıxış edirdi. 1992-ci ildə B Seriyasına düşdüyündən Dieqo komandadan ayrılıb. Onun yeni iş yeri Piriney yarımadasında idi. “Sevilya" ilə 2 illik müqavilyəyə imza atan yarımmüdafiəçi bu komanda ilə hər hansı titul qazana bilməsə də, bu sözləri “Atletiko"ya aid etmək olmaz. Məhz 1994-cü ildə “Sevilya"dan ayrılaraq “Atletiyo"ya keçən Dieqo futbolçu kimi ilk uğuruna Madrid klubunda qovuşdu. 1995/96-cı illər mövsümündə “Atletiko" ilə çempion oldu. Bundan başqa həmin il İspaniya Kubokunu və Superkubokunu da başı üzərinə qaldırdı.

Statistik göstəricilərinə fikir versək, Simeone oynadığı bütün klublarda ən aza 2 il ardıcıl çıxış edib. Başqa sözlə, müqavilə müddəti başa çatana kimi. Buda onun stabil və yüksək səviyyədə çıxış etməsindən irəli gəlirdi. 1997-ci ildə keçdiyi İtaliya “İnter"i də bu siyahıya daxildi. 2 il Milan təmsilçininin şərəfini qoruyan futbolçu “İnter"lə 1997/98-ci illər mövsümündə UEFA Kubokunu götürsə də, daxili birincilikdə hər hansı uğur qazana bilməyib. Bunun əvəzini isə “Latsio"da artıqlamasıyla çıxa bilib. 1999-cu ildə İtaliyanın digər klubu ilə müqavilə bağlayan Dieqo İtaliya çempionu olub, İtaliya Kuboku və Superkubokunu qazanıb, həmçinin, UEFA Superkubokunu da başı üzərinə qalırıb.

Dieqonun Avropadakı son klubu ona doğmalaşan “Atletiko" idi. 2003-cü ildə Madridə qayıdan argentinalının qəniməti yalnız İntertoto Kuboku olub. 2005-ci ildə “Atletiko"dan ayrılıb və Argentinaya qayıdıb. Avelyaneda “Rasinq"inə keçən futbolçu burada cəmi 1 mövsüm cıxış edib və 2006-cı il fevralın 17-də futbolçu kimi son dəfə yaşıl meydana çıxıb...

Amma “Rasinq"dən ayrılmayıb. Bu klubda məşqçi kimi fəaliyyətə başlayıb. Az sonra, daha dəqiq mayın 18-də isə “Estudiantes" (La-Plata) rəhbərliyi onu komandanın başına gətirib. Simeone ilk məşqçilik ilində bu sahədə də bacarıqlı olduğunu sübut edib. “Estiduantes"i Apertura birincisi edib. Bəs, Klasura? 2007-ci ildə “River Pleyt"dən dəvət alıb və cəmi bir il sonra komandanı Klasura çempionu edib.

Hər bir yüksəlişin bir enişi olduğu kimi Simeonenin də məşqçilik karyerasında çətin günlər çox olub. 2009-cu il aprelin 15-də digər Argentina klubu “San-Lorenso"nun baş məşqçisi təyin olunan gənc mütəxəssis heç bir il tamam olmamış - 2010-cu il aprelin 4-də komandasının son 12 oyunda 7 məğlubiyyət almasından sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. O, 2011-ci yanvarın 19-da müqavilə bağladığı “Katanya"da da eyni aqibəti yaşadı. Mövsüm başa çatanda “Katanya" A Seriyasındakı yerini qorusa da klub rəhbərliyi və azarkeşlərin etirazı ilə qarşıladı və iyunun 17-də ikinci dəfə “Rasinq"ə qayıtdı. Həmin il Avelyaneda təmsilçinini Argentina ikincisi etdi və dekabrın 20-də istefa verdi. Səbəb isə, ona daha yaxşı təklifin gəlməsi idi. 2011-ci il dekabrın 23-də Simeone “Atletiko"ya Qreqorio Mançanonun yerinə baş məşqçisi təyin olundu.

Madrid klubunda Simeoneyə inandılar və etimad göstərdilər. Nəticədə təxminən 2 ildən sonra komanda nəticə verməyə başladı. 2013-cü il mayın 17-də finalda “Real"ı 2:1 hesabı ilə məğlub edərək İspaniya Kubokunu götürən “Atletiko" 14 illik uğursuzluğa son qoydu. Bu uğursuzluq isə ondan ibarət idi ki, “Atletiko" həmin müddətdə bir dəfə də olsun “Real"ı məğlub edə bilməmişdi. Düz bir il sonra isə onun komandası tarixi ərzində 10-cu dəfə İspaniya çempionu oldu. Ötən il Madrid təmsilçisi Çempionlar Liqasının da qalibi olmağa çox yaxın idilər. Amma “Real"la həlledici qarşılaşmada Serxio Ramosun son dəqiqədə vurduğu qol olmasaydı. Əsas və hakim tərəfindən əlavə olunmuş əlavə vaxtda heç-heçə qeydə alındı. Penaltilər seriyasından sonra sevinən tərəf “Real" oldu.

Bu il martın 24-də “Atletiko" rəhbərliyi Simeone ilə müqavilənin müddətini 2020-ci ilə kimi uzatdı. Bu da onun gördüyü işin və “Atletiko" üçün elədiklərinin bəhrəsi.

Milli karyerası

Millidə 1988-ci ildə debüt edib. 1991 və 1993-cü illərdə yığma komanda ilə birlikdə Amerika Kubokunun iştirakçısı olub. 1996-cı ildə Atlanta olimpiadasında Argentina olimpiya yığma komandasının heyətində yaşı 23-ü ötmüş 3 futbolçudan biri olan Simeone həmin olimpiadada gümüş medal qazanıb. Bundan başqa o, 1994, 1998 və 2002-ci illərdə təşkil olunmuş mundiallarda da iştirak edib. Simeone 2002-ci ildəki dünya çempionatından sonra milli karyerasını başa vurub. Həmin vaxt o, Argentina yığmasının heyətində 106 oyun keçirməklə rekord vurmuşdu. Lakin bu rekord 2007-ci ildə Roberto Ayala tərəfindən yeniləndi. Hazırda Dieqo Ayaladan (115 oyun) və Xavyer Zanettidən (145) geri qalır.

Uğurları:

Futbolçu kimi Argentina millisi ilə Amerika Kuboku (1991, 1993), Şah Fəhd Kuboku (1992) və Artemio Franki Kubokunun (1993) qalibi və  Olimpiadanın gümüş mükafatçısı (1996) olub. 1995/96-cı illər mövsümündə “Atletiko" ilə İspaniya çempionu, İspaniya Kuboku və İspaniya Surerkubokunun, 2004-cü ildə isə İntertoto Kubokunun qalibi adını qazanıb. 1997/98-ci illər mövsümündə “İnter"in heətində UEFA Kubokunu başı üzərinə qaldırıb. “Latsio" ilə isə uğurları bunlardır: İtaliya çempionluğu (1999/00), İtaliya Kuboku (1999/00), İtaliya Superkuboku (2000), UEFA Superkuboku (1999).

Məşqçi kimi 3 dəfə başçılıq etdiyi “Estudiantes" 2006-cı ildə (Apertura), “River Pleyt" (Klasura) 2008-ci ildə Argentina, “Atletiko" isə ötən mövsüm İspaniya birincisi olub. Bunlardan başqa “Atletiko" İspaniya Kuboku (2012/13), İspaniya Superkuboku (2014) və UEFA Superkubokunu da (2012) muzeyinə aparıb. Həmçinin 2011/12-ci illər mövsümündə UEFA Avropa Liqasında hamıdan güclü olub.

Simeno ila bağlı maraqlı faktlar

üLəqəbi “El Cholo"du. İspan dilindən tərcümədə “hindu" deməkdir. Latın Amerikasında “cholo" adətən köklü hindulara deyirlər. Bu ayamanı ona komanda yoldaşları Dieqonun hələ 14 yaşı olan veriblər. Təxminən 20 il əvvəl “Veles Sarsfild"də Karmelo Simeone adlı futbolçu çıxış edib. Hindu olan Karmelonun ləqəbi “El Cholo" imiş. Məhz Karmeloya oxşarlığı və hindu olması Dieqoya bu ləqəbin verilməsinə səbəb olub. Maraqlıdır ki, hərdən rəsmi mərasimlərdə Dieqo Simeoneni “Diego El Cholo Simeone” kimi təqdim edirlər.

üMilli karyerası ərzində Simeone ilə bağlı ən yaddaqalan məqamlardan biri 1998-ci ildəki dünya çempionatı ilə bağlıdır. 1/8 final mərhələsində İngiltərə ilə oyunda rəqibin futbolçusu Devid Bekhemə qarşı kobud oynayan futbolçu ondan üzr istəməsinə baxmayaraq, Devid onu təpiklə vurmuşdu. Nəticədə Dieqo sarı, Devid isə qırmızı kartla “mükafatlandırılmışdı". Yeri gəlmişkən, həmin oyun 2:2 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə cənubi amerikalılar sevinən tərəf olmuşdular.

üAvropada parlamış bir çox argentinalı kimi Simeone də futbolçu karyerasına ölkəsində son qoyub. “Rasinq"ə gedəndə həyat yoldaşı Karolina Baldani buna razı deyilmiş. O, həm Avropadan ayrılmaq istəmirmiş, həm də reklam müqavilələri var imiş. Karolina yaxın keçmişimizdə İtaliyanın ən məşhur fotomodellərindən biri idi. Ölkəsinə və daha sonra İspaniyaya tək yollanan Dieqo həyat yoldaşını və uşaqlarını İtaliyada qoymalı olub. Karolina onun bu hərəkətini heç vaxt bağışlamayıb. Onların boşanması ötən il “sarı mətbuatda" ən çox müzakirə olunan mövzulardan biri idi.

üMüsahibələrinin birində məşqçi olması bardə danışıb: “Rasinq"də oynayanda nə vaxtsa məşqçi olacağını heç vaxt ağlımdan keçirməmişdim. Rəhbərlik komandanı mənə tapşırmaq istəyəndə çıxılmaz vəziyyətə düşmüşdüm. Axı, hələ futbolçu karyeramı başa vurmaq istəmirdim. Yaxşı yadımdadır, həmin gecəni gözümə yuxu getmədi. Səhər tezdən bir az qaçdım. Ardınca vanna qəbul etdim. Orada nə qədər vaxt keçirdiyim yadımda deyil. Ən azı saatyarım suda uzanıqlı qaldım, özümə qapıldım. Hamam otağından çıxanda isə qəti qərar qəbul etmişdim - məşqçi olacam".

üSimeone oyunlardan əvvəl futbolçuları müxtəlif cür motivasiya edir. Bir dəfə “Atletik"lə oyundan əvvəl o, komandanın düşərgəsinə xizərsürən İren Vilyanı dəvət edib. İren paralimpiyaçıdı. Hələ 1991-ci ildə 12 yaşı olanda ETA terror təşkilatının törətdiyi partlayış zamanı hər iki ayağını itirib. “Atletik" ilə oyuna futbolçuları məhz İren Vilya kökləmişdi.

ü“Çox şey məni ağlada bilər. Tom Henksin “Yaşıl mil"i, Kevin Kostnerin “Şüşədəki məktub"u, Kral Kubokundakı qələbə... İndiyə kimi müxtəlif hallarda göz yaşlarıma hakim ola bilməmişəm. Buna baxmayaraq, kişinin ağlamasını zəiflik hesab edirəm". Bu, Dieqo Simeonenin fikridir. Dərddən, bədbəxtlikdən nadir hallarda təsirləndiyini söyləyən mütəxəssis mətbuat konfranslarından birində jurnalistin ona Tita Vilanovanın ölümü il bağlı verdiyi sualdan sonra hönkür-hönkür ağlamışdı.

üOğlu Dieqo Conatan Simeone atasının yolunu davam etdirir. “River Pleyt"in 20 yaşlı futbolçusu Argentinanın ən istedadlı gənc futbolçularından biri hesab edilir. Onun atası kimi məşhur olub-olmayacağı isə özündən asılıdır.

üİspaniyada zərif cinsin nümayəndələri arasında aparılan sorğuya əsasən son 4 ildə ən dəblə geyinən kişilərin “üçlüy"ünə daxil olan Dieqo Pep Qvardiolanın Almaniyaya gedişindən sonra ən yaraşıqlı kişi adına layiq görülüb.

üSimeone qara rəngli geyimləri xoşlayır. Bu, onun imicidir. Buna görə ona “Qara paltarlı məşqçi” adı vermək olar.

Hazırladı: AZƏR

“Het-trik news” qəzeti

 

Futbolçu Simeonenin statistikası

İllər                        Komanda                            Oyun     Qol    

1987-1990         “Veles Sarsfild" (Argentina)       76        14

1990-1992         “Piza" (İtaliya)                           55        6

1992-1994         “Sevilya" (İspaniya)                   64        12

1994-1997         “Atletiko" (İspaniya)                  98        21

1997-1999         “İnternasionale" (İtaliya) 57        11

1999-2003         “Latsio" (İtaliya)             90        15

2003-2005         “Atletiko" İspaniya                    36         2

2005-2006         “Rasinq" (Argentina)                  37         3

Milli

1988-2002         Argentina                                 106       11

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right