DÇ-2006-nın İtaliya - Fransa finalında yaşanan həmin hadisədən təxminən 14 il keçir. Fransanın kapitanı Zinəddin Zidan rəqib müdafiəçi Marko Materatsinin sinəsinə kəllə ilə vurub, onu yerə sərmişdi.
Fransız ulduz peşəkar karyerasının son matçında qırmızı vərəqə almışdı. Penaltilər seriyasında qalib gələn İtaliya 4-cü dəfə dünya kubokunu qazandı.
Ancaq çox insana Zidanın Materatsini vurmağının səbəbi maraqlandırırdı. Əvvəlcə italiyalının Zidanının anasını təhqir etdiyi barədə xəbərlər yayıldı. Lakin bir müddət keçəndən sonra Materatsi Zidanın anasını deyil, bacısı barədə xoşagəlməz söz dediyini etiraf etdi.
"Anam 15 yaşımda olarkən vəfat etdi. Mən heç vaxt onun anasını söymərəm. Bacısı barədə söz demişdim", - İtaliya millisinin keçmiş üzvü bildirmişdi.
Bəs o, nə dedi ki, Zidan dəliyə döndü? Nəhayət, 14 il sonra Materatsi hər şeyi anlatdı. Newsport.az xəbər verir ki, "Instagram" hesabında canlı yayım açan keçmiş müdafiəçi üstüörtülü qalan məsələdən danışıb.
"Zidanın kəlləsi? Mən bunu həmin an gözləmirdim. Bəxtim gətirdi ki, buna hazır deyildim. Əgər qarşıdurmaya hazır olsaydım, ikimiz də meydandan qovulacaqdıq. Meydanda aramızda bir az təmas var idi. İlk hissədə komandasının qolunu penaltidən vurdu.
Baş məşqçimiz Marçello Lippi mənə tapşırdı ki, Zidana nəzarət elə. Aramızdakı ilk sərt mübarizədən sonra üzr istədim, amma pis reaksiya verdi. Bu mübarizə 110 dəqiqə davam etdi. Üçüncü sərt mübarizədən sonra qışqırdım və mənə tərəf baxıb dedi ki, sənə formamı verəcəm. Cavab verdim ki, bacının formasnını seçərəm".