İtaliyanın nəhəng klublarından olan “Parma” dağılmaq təhlükəsi ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, ciddi maliyyə problem ilə üzləşən klubun yaxın günlərdə A seriyasından xaric olunacağı haqda rəsmi qərar veriləcəyi gözlənilir. Belə olan halda mövsümün sonuna qədər “Parma”nın iştirakı ilə nəzərdə tutulan matçlar üçün ona texniki məğlubiyyət veriləcək.
İtaliya qəzetləri yazıb ki, bu günün təqvimində olan “Parma” – “Udinize” matçı təxirə salınıb.
Qeyd edək ki, “Parma”nın yaxın günlərdə rəsmən muflis elan ediləcəyi gözlənilir. Məlumata görə, hazırda klubun 96 milyon avro borcu var. Futbolçular və klubun digər əməkdaşları altı aydır maaş ala bilmirlər.
“Parma” vergi borcunu ödəyə bilmədiyi üçün isə kluba məxsus olan bir neçə avtomobil, o cümlədən əsas komandanın avtobusu müsadirə olunub.
Qeyd edək ki, yaranmış bu vəziyyət səbəbindən “Parma”nın direktoru Pyetro Leonardi depressiyaya düşüb və xəstəxanaya yerləşdirilib.
Bu vəziyyətdə klubun prezidenti G.Manentinin İtaliya banklarındakı pulunu götürərək ölkədən qaçdığı bildirilir.
Son məlumatlara görə, Parma”nın 2014/15 mövsümü başa vurması üçün kluba 5 milyon avro ayırması haqda İtaliya Futbol Federasiyası ilə müzakirələrə başlanılıb.
Qeyd edək ki, “Parma” bir zamanlar İtaliya və Avropa futbolunun nəhənglərindən sayılıb. Bu klub İtaliya çempionu ola bilməsə də, Avropada böyük uğurlar əldə edib. Komanda iki dəfə UEFA kuboku (1995, 1999), bir dəfə Kuboklar kuboku (1993), bir dəfə isə UEFA superkubunun (1993) qalibi olub.