Dünya futbolunda ilin ən yadda qalan hadisələri

Başa çatmaqda olan 2014-cü il dünyanın yaşıl meydanlarında bir sıra maraqlı hadisələrlə yadda qalıb.

Newsport.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, siyahıda ən çox diqqət çəkən 10 hadisə yer alıb.

Bunlardan Braziliyanın "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzması, Luis Suaresin İtaliya ilə görüşdə Corcio Kyellininin çiynini dişləməsi, "Arsenal"ın 9 il sonra kubok qazanması, "Atletiko" (Madrid) klubunun La Liqanı qazanması və digər hadisələri qeyd etmək olar.  

 


1. "DÇ-2014": Braziliya - Almaniya oyunu: Doğma azarkeşləri önündə mundialın yarımfinalında Almaniya ilə qarşılaşan Braziliya yığması tarixinin ən ağır məğlubiyyətiylə üzləşib. Yarım saat ərzində qapısında 5 top görən Braziliya millisi sonda böyükhesablı məğlubiyyətdən qaça bilməyib - 1:7. Beşqat dünya çempionu olan "sambaçılar" üçüncü yer uğrunda görüşdə Hollandiyaya 0:3 hesabı ilə uduzaraq mundialı dördüncü pillədə başa vurublar.

2. Braziliyada təşkil olunan dünya çempionatının qrup mərhələsində keçirilən Uruqvay - İtaliya matçında (1:0) Cənubi Amerika təmsilçisinin hücumçusu Luis Suaresin rəqib müdafiəçi Corcio Kyellininin çiynini dişləməsi qalmaqala səbəb olub. Bu hərəkətinə görə Suares FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Bu cəzaya baxmayaraq "Barselona" 81 milyon avrosundan keçərək Suaresi "Liverpul"dan transfer etdi.

3. "Arsenal"ın 9 il sonra kubok qazanması: Sonuncu dəfə 2005-ci ildə titul qazanan "Arsenal" klubu azarkeşlərini 9 il sonra sevindirib. İngiltərə Federasiya kubokunun finalında "Hall Siti"ni 3:2 hesabı ilə məğlub edən Arsen Vengerin komandası kuboku muzeyinə aparıb. 

4. Neymarın "Santos"dan "Barselona"ya transferi ilə bağlı aparılan araşdırmalardan sonra Kataloniya təmsilçisinin sabiq prezidenti Sandro Rosell istefa verdiyini açıqlamışdı. O, Neymarın transferindən 40 milyon avro mənimsəməkdə günahlandırılırdı. "Barselona" gənc hücumçunun transferi üçün Braziliya təmsilçisinə 57 milyon avro ödəyib. Ancaq maraqlısı budur ki, həmin məbləğin 40 milyonu (70 faiz) Neymarın meneceri olan atasına çatıb. Bu isə futbol tarixində menecerə ödənilən ən yüksək məbləğdir.

5. "Atletiko" (Madrid) klubunun çempionluğu: La Liqada "Real" (Madrid) və "Barselona" kimi nəhəng klublarla mübarizədən qalib ayrılan "Atletiko" uzun illər unudulmayacaq bir uğura imza atıb.

6. Afrika Millətlər kubokunda keçirilən Fil Dişi Sahili - Kamerun matçından (0:0) sonra azarkeşlər arasında yaşanan insidentin qarşısını almaq istəyən polisin zorakılıq tətbiq etməsi diqqət çəkib.

7. "Avro-2016"nın seçmə mərhələsində Farer adaları yığmasının "Avro-2004"ün qalibi Yunanıstanı 1:0 hesabı ilə məğlub etməsi Klaudio Ranyerinin istefası ilə nəticələnib.

8. "MK Dons" - "Mançester Yunayted" - 4:0. Mançester təmsilçisinin İngiltərə Liqa kubokunda aşağı divizion təmsilçisinə 0:4 hesabı ilə uduzması komandada böyük dəyişikliyə səbəb oldu. Bəzi futbolçularla yollar ayrıldı və ulduz oyunçular transfer edilib.

9. "Kristal Palas" - "Liverpul" - 3:3. Liverpul təmsilçisi mayın 5-də "Kristal Palas"la keçirilən oyunda 3:0 hesabı ilə öndə olmasına baxmayaraq bu üstünlüyünü qoruya bilməmiş və çempionluq yolunda ağır zərbə almışdı. 

10. "Sassuolo"nun futbolçusu Domeniko Berardi "Milan"la görüşdə (4:3) poker edən fərqlənən 80 il sonra A Seriyasında bir oyun 4 qol vuran ilk futbolçu olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right