"Oyundan qopmadıq. Sonadək mübarizə apardıq. Oyundan öncə hər kəs bizim favorit olduğumuzu söyləyirdi. Lakin dünən çətin qələbə qazandığımızı hər kəs gördü".
Newsport.az-ın məlumatına görə, bu sözləri İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi millimizlə oyundan sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.
Təcrübəli futbolçu yığmamızın tamamilə müdafiəyə çəkildiyini bildirib: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bu, yığmanın yüksəlişinin sirridir. Ancaq Azərbaycan millisi kimi tamamilə müdafiəyə çəkilən komandalara qarşı oynamaq hər zaman çətindir. Qol vurmaq üçün çox əziyyət çəkdik. Standart vəziyyətlərdən maksimum yararlanaraq qələbə qazandıq. Bu, çox sevindiricidir. İndi Malta ilə oyunu düşünürük".
Qeyd edək ki, yığmamıza 2:1 hesabı ilə qalib gələn İtaliya millisi oktyabrın 13-də səfərdə Maltanın qonağı olacaq.