Hollandiya millisinin üzvü Naycel de Yonq da karyerasını Türkiyədə davam etdirəcək.
Newsport.az saytının məlumatına görə, MLS liqası klublarından "Los Anceles Qalaksi”nin şərəfini qoruyan futbolçu "Qalatasaray”la anlaşıb.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 31 yaşlı ulduz futbolçunun bu gün gecə saatlarında İstanbula eniş edəcəyi bildirlib. Ancaq "Mançester Siti” və "Milan”ın sabiq futbolçusunun İstanbul klubu ilə imzalayacağı müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Avropada "tranfer pəncərəsi” sabah başa çatır. De Yonq sabahkı günün sonuna qədər "aslan” olacaq.
Onu da nəzərinizə çatdıraq ki, müdafiəyə meyilli olan yarımmüdafiəçi karyerasına "Ayaks” klubunda başlayıb. O, daha sonra "Hamburq” (Almaniya), "Mançester Siti” (İngiltərə), "Milan” (İtaliya) və "Los Anceles Qalaksi” (ABŞ) klublarında top qovub. De Yonq millinin heyətində 81 oyun keçirib.