Almaniya millsinin və Türkiyənin "Qalatasaray” klubunun futbolçusu Lukas Podolski karyerası ilə bağlı önəmli qərar verdiyini açıqlayıb.
Newsport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu milli karyerasını başa vurduğunu bəyan edib.
Polşa əsilli futbolçu bu barədə şəxsi "instagram” hesabı vasitəyilə ictimaiyyəti məlumatlandırıb. Poldi fikirlərini belə izah edib:
"Almaniya millisi hər zaman ürəyimdə olacaq. Bu komandada yaşadığım hər şeyə görə qürur hissi keçirirəm. Milli komandamızda böyük nailiyyətlər əldə etdim. Bütün komanda yoldaşlarıma, məşqçilərimə, Rudi Vollerə, Yürgen Klinsmanna və xüsusiylə Yoahim Lövə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə məni ən pis vaxtlarımda dəstəksiz qoymayan azarkeşlərimizədi. Artıq Almaniya millisinin böyük bir azarkeşi olacam. Komandamıza uğurlar arzulayıram”.
Qeyd edək ki, Podolski 2004-cü ildən bu yana 127 dəfə milli formasını geyinib və 48 qolla yadda qalıb. O, 2014-cü ildə milli ilə birgə dünya çempionu adını qazanıb.