"Qalatasaray"ın düşərgəsində olduqca ağır durum hökm sürür.
Newsport.az-ın məlumatına görə, bu barədə "Qalatasaray"ın hollandiyalı legioneri Uesli Sneyderin agenti Qvido Albers mətbuata verdiyi açıqlamada danışıb. O, "Qalatasaray" rəhbərliyinin Sneyderin komandadan ayrılması üçün hər şey etdiyini deyib:
"Hazırda "Qalatasaray" rəhbərliyi əlindən gələn hər şeyi edir ki, Sneyder komandadan getsin. Əlbəttə, biz rəhbərliyin belə davranışı ilə razı deyilik. Belə hərəkət böyük bir klub üçün biabırçılıqdı. "Qalatasaray"ın düşərgəsində ağır durum hökm sürür. Sadəcə, onlar istəyirlər ki, Ueslinin başqa bir kluba satılmasından özlərinə çatacaq 7,5 milyon avronu alsınlar".
Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, "Qalatasaray" Sneyderi komandanın düşərgəsinə gec qoşulduğuna və ötən mövsüm aldığı sarı vərəqələrə görə 2,1 milyon avro cərimələyib.