Fransada təşkil olunan Avropa çempionatının "D” qrupunda yer alan Türkiyənin Xorvatiyaya (0:1) məğlub olması birincilərin futbolçusu Ozan Tufanı da tənqid hədəfinə çevirmişdi.
Newsport.az-ın məlumatına görə, Luka Modriçin qol vurduğu epizodda saçını düzəldən 21 yaşlı futbolçunun bu hərəkəti heç də birmənalı qarşılanmamışdı.
Məsələ ilə bağlı futbolçunun özü də açıqlama verib. "Fənərbaxça”nın formasının geyinən gənc futbolçu məsələnin şişirdilməsindən narahatlığını dilə gətirib:
"Biz burada ölkəmizi təmsil edirik. Hər birimiz bayrağımız uğrunda mübarizə aparırıq. Tək hədəfimiz qələbə qazanıb xalqımıza sevinc bəxş etməkdi. Bizim komandada ayrıseçkilik ola bilməz, hər birimiz eyniyik. Buna görə də məğlubiyyəti bir futbolçunun üzərinə atmaq nə dərəcədə doğrudu? Xorvatiya məğlubiyyətinə görə məni tənqid hədəfinə çevirmək heç kimə heç nə qazandırmaz. Belə olduğu halda bu, komanda yoldaşlarıma da təsir edir. Yaşanan məğlubiyyətdən sonra heç kim bizdən çox üzülməyib. Turnirə belə nəticə ilə başlamaq hamımıza pis təsir etdi. Bir saniyə ərzində saçımı düzəltməyim şişirdildi və gündəmə çevrildi. Bir daha təkrar etmək istəyirəm.Biz futbolçuları oynadığımız kluba görə ayrımayın. Hər birimizin hər kəsin dəstəyinə ehtiyacı var".