Hafiz Məmmədov "Lans"ın səhmlər paketinin böyük hissəsindən imtina edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Fransanın "L Equipe" nəşri məlumat yayıb. Azərbaycanlı iş adamı bundan sonra da klubun səhmdarı kimi qalmağa razılıq verib. Amma onun payı azalıb. Əvəzində Liqa 2 təmsilçisinə yeni avropalı sərmayəçi tapılıb.
"Lans"ın prezidenti Jerve Martel həmin şəxsin 3 il müddətinə 21 milyon avro sərmayə qoymağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, məbləğ hər ilə bərabər bölünəcək. Lakin J.Martel həmin şəxsin adını açıqlamayıb. Klub prezidenti, sadəcə, yeni himayəçinin aprelin 15-dən işə başlayacağını dilə gətirib.
2015-ci ilin sonlarında "Lans"ı Qreqori Makenin himayəyə götürəcəyi bildirilirdi. Belçikalı biznesmen cəmi 5 milyon avro təklif etdiyindən, sövdələşmə baş tutmamışdı. Martel son yeniliklərlə bağlı aprelin 12-də mətbuat konfransı keçirəcək.