İslandiya millisinin sabiq qapıçısı İnqvar Younsson 37 yaşında vəfat edib.
Newsport.az xəbər verir ki, bu barədə İslandiyanın “Visir” nəşri məlumat yayıb.
Ötən ilin yazında xərçəng diaqnozu qoyulan futbolçu noyabrın 25-də dünyasını dəyişib. Onun həyat yoldaşı və üç övladı qalıb.
Qapıçının son illərdə çıxış etdiyi “Vikinqur” klubu “X” hesabında futbolçunun vəfatı ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, Younsson “Styarnan” və “Vikinqur” klublarının heyətində İslandiya çempionu olub, Norveç və Danimarkanın müxtəlif komandalarında çıxış edib.
İslandiya millisində 8 oyun keçirən qapıçı Avro-2016-da da yığmanın heyətində yer alıb. Həmin turnirdə İslandiya millisi 1/8 finalda sensasiyalı şəkildə İngiltərəni mübarizədən kənarlaşdırıb, 1/4 finalda isə turnirin sonrakı finalçısı Fransaya məğlub olub.