“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” “Real”ın sabiq müdafiəçisi David Alabanın vəziyyətini izləyir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu hazırda azad agent statusunda olan 34 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Klub Alabanın həm müdafiənin mərkəzində, həm də sol cinahda oynaya bilməsini üstünlük hesab edir. Həmçinin, baş məşqçi Hans-Diter Flik onunla “Bayern”dəki birgə fəaliyyətindən tanışdır.
Bununla belə, oyunçunun karyerasını İtaliyada davam etdirməsi də mümkündür. “Roma” və “Latsio” avstriyalı müdafiəçinin xidmətində maraqlıdır.
Alaba 2021-2026-cı illərdə “Real”da çıxış edib. O, Madrid klubunun heyətində ümumilikdə 131 oyun keçirib.
“Barselona” Çempionlar Liqası oyunlarından birini noyabrın 25-də Bakıda “Sabah”a qarşı keçirəcək.