"Santos"ın braziliyalı vingeri Neymar zədələnməsində "Vila-Belmiro" stadionunun qazonunun keyfiyyətinə məsul olan klub personalını ittiham edib.
Newsport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, Neymar Braziliya Kubokunun 1/4 finalında "Palmeyras"a qarşı keçirilən cavab oyununda (0:0, lakin ilk görüşdə "Verdao" 3:0 hesabı ilə qalib gəlmişdi) ilk hissə başa çatdıqdan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
Matç bitdikdən sonra vinqer öz sosial şəbəkə hesabında "Santos"un ev arenasının ot örtüyünə baxanların işini tənqid edən paylaşım edib. Onun sözlərinə görə, onunla yanaşı daha üç futbolçunun zədələnməsi təsadüfi deyil.
"Vila-Belmiro" stadionunun meydançasına məsul olan şəxsi təbrik etmək istərdim. Dünən orada "Vila"nın indiyə qədər gördüyü ən pis qazon var idi: tamamilə oyuqlarla dolu idi, çünki yumşaltma işlərini oyundan bir gün əvvəl aparmışdılar.
İnanılmazdır! Təsadüfi deyil ki, üç oyunçu ilk hissədə diskomfort hiss etdi... Təbriklər... zibil kimi işdir", - deyə Neymar paylaşım edib.
Bundan əlavə, Neymar hələlik zədəsinin nə dərəcədə ciddi olduğunu bilmədiyini, lakin tezliklə sağalacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, cari mövsümdə braziliyalı futbolçu klub səviyyəsində 19 matça çıxıb, bu oyunlarda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.