Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus ABŞ yığmasının hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğv edilməsi barədə sərt açıqlamalar verib.
Newsport.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, əfsanəvi futbolçu verilən qərarı və FİFA-nı sərt şəkildə tənqid edib:
"Dünya çempionatı bizə möhtəşəm oyunlar və fantastik ab-hava bəxş etdi, bəs hər şeyi kim korladı? FİFA və siyasət! Donald Tramp FİFA-ya zəng etdiyini və Folarin Baloqunun diskvalifikasiyasına yenidən baxılmasını xahiş etdiyini etiraf etdi. Bu qərarı ləğv etməklə FİFA nə özünə, nə də futbola yaxşılıq etdi. Əksinə! Baloqunun Bosniya və Herseqovina ilə matçda qırmızı vərəqə alması tamamilə aşkar idi, üstəlik qərar VAR-dan sonra verilmişdi. Buna baxmayaraq, cəza ləğv edildi. Bu, sadəcə gülüncdür! Futbolda gördüyüm ən pis şeydir!
Mən yeni turnirlərin və ya qaydaların əleyhinə deyiləm. Reklamdan milyardlar qazanmağa imkan verən üçdəqiqəlik su fasilələri normaldır. Elə bir dövrdə yaşayırıq ki, bəlkə də hər şey futbolun özündən daha vacibdir. Amma aşkar qırmızı vərəqənin ləğv edilməsi görünməmiş bir şeydir! Bu, idmana müdaxilədir. Bu, məni inanılmaz dərəcədə kədərləndirir. FİFA əleyhinə heç vaxt heç nə deməmişəm, amma indi sadəcə qəzəbliyəm. Sözümə görə bağışlayın, amma az qalır ürəyim bulansın! Niyə başqa heç bir futbolçu şərti qırmızı vərəqə almadı? Qalan hamı qaydalara uyğun olaraq diskvalifikasiya edildi. Ev sahibi ölkələr və ya aparıcı futbol ölkələrinin oyunçuları qorunub, daha kiçik komandaların futbolçuları isə qorunmayanda, bu artıq ədalətli oyun deyil.
FİFA özünü rüsvay edir. O, idmanı ayaqlar altına atır! Canni İnfantinoya qarşı heç bir qərəzim yoxdur. İstəyir Donald Trampa 10 dənə Sülh mükafatı versin. Amma məsələ fırıldaqçılıq və manipulyasiyaya çatanda, mən burada sərhəd qoyuram. FİFA-nın hazırda etdiyi tam bir rüsvayçılıq və futbol azarkeşlərinə xəyanətdir".