Modriçdən VAR-a ağır ittiham: "Komandaların statusuna görə qərar verirlər"

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatının 1/16 finalında Portuqaliyaya məğlub olduqları (1:2) oyundan sonra VAR sisteminin işini kəskin tənqid edib.

Newsport.az xəbər verir ki, bu barədə "Jutarnji List" nəşri məlumat yayıb.

Bildirilir ki, təcrübəli yarımmüdafiəçi hakim qərarlarına etirazını belə dilə gətirib:

"Hakim Matanoviçin topa toxunduğunu bildirdi, lakin təkrar baxdıqda onun topa dəydiyi heç yerdə görünmür. Əgər topa toxunmayıbsa, deməli, ofsayd da yoxdur. Biz daha çoxuna layiq idik. Bəzi məqamlar əleyhimizə işlədi. Həmin penalti... Əgər vəziyyət tərsinə olsaydı, VAR heç vaxt müdaxilə etməzdi. Bu sistem ilk tətbiq olunanda da ondan xoşum gəlmədiyini demişdim. Zamanla faydalı oldu, lakin ondan səhv və ya seçici şəkildə, bəzən komandaların statusuna görə istifadə edirlər.

VAR yalnız aşkar səhv zamanı müdaxilə etməlidir. Mübahisəli vəziyyətlərə qarışmamalıdır. O epizod penalti deyildi. Hər ikisi mübarizə aparırdı, itələyirdi, heç kim heç kimi qəsdən dartmırdı. Belə oyunda belə penalti təyin etmək olmaz. Bu məni qəzəbləndirir və həmişə ziyanımıza işləyir. Amma olan oldu, irəli baxırıq. Bəhanə gətirmirik, lakin belə şeylər matçların taleyinə və oyunçuların emosiyalarına təsir edir. Burada çoxlu gənc futbolçu var və belə epizodlar onları sındırır. Çox təəssüf.

Daha bu barədə danışmaq istəmirəm. Oyunumuzla, xüsusən də ikinci hissə ilə fəxr edə bilərik. Bu, hər kəsin tanıdığı və hörmət etdiyi Xorvatiyadır".

Qeyd edək ki, qarşılaşmanın ikinci hissəsində VAR müdaxiləsindən sonra baş hakim Espen Eskos xorvatların qapısına penalti təyin edib və Kriştiano Ronaldo bundan yararlanıb. Əlavə vaxtda Yoşko Qvardiol hesabı bərabərləşdirsə də, norveçli hakim ofsayd səbəbindən qolu ləğv edib. VAR baxışından sonra məlum olub ki, top Qvardiola çatmazdan əvvəl Mario Paşaliç ofsaydda olub və top ona hücumçu İqor Matanoviçin toxunuşundan sonra gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right