Macarıstanın “Ferensvaroş” klubunun məşqçisi Leandro de Almeyda komandasının "Sabah"a qarşı Avstriyadakı təlim-məşq toplanışında keçirdiyi yoxlama oyunu (1:1) barədə danışıb.
Newsport.az xəbər verir ki, o, matçdan sonra fikirlərini klubun saytına bölüşüb.
“Bu, bizim üçün yaxşı sınaq oldu, qarşıda isə cəmi bir yoxlama oyunu qalıb. Məşqlərdə üzərində işlədiyimiz taktiki tapşırıqları və ideyaları sınadıq. Komandanın bunları getdikcə daha yaxşı yerinə yetirdiyini görürük. Təbii ki, hələ üzərində işləməli olduğumuz məqamlar var.
Gənclər də oyuna çox yaxşı qoşuldular və onlara güvənə biləcəyimizi göstərdilər. Bütün futbolçular əzmlə çalışdılar. Hələ hər şey mükəmməl deyil, çünki istədiklərimizi tam mənimsəmələri üçün kifayət qədər vaxt keçməyib. Amma bir həftə əvvəlkindən daha irəlidəyik. Ümid edirik ki, “Qarabağ”a qarşı keçiriləcək növbəti oyunda daha yaxşı çıxış edəcəyik və baş məşqçinin istəklərini meydanda daha dəqiq yerinə yetirəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, “Ferensvaroş” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü iyulun 1-də “Qarabağ”a qarşı keçirəcək.