Qananın baş məşqçisi: "VAR hakimləri qəhvə içməyə getmişdilər"

Qana milli komandasının baş məşqçisi Karlos Keyroz dünya çempionatının ikinci turunda İngiltərəyə qarşı keçirilən oyun barədə danışaraq hakimliyi kəskin tənqid edib.

Newsport.az xəbər verir ki, onun sözlərini "The Athletic" nəşri dərc edib.

Təcrübəli mütəxəssis bildirib ki, hakim İngiltərənin qapıçısı Cordan Pikfordu və müdafiəçisi Ezri Konsanı meydandan qovmalı idi:

"VAR hələ də dünya çempionatında işləyirmi? Ümumiyyətlə, bizdə VAR var? Mənim buna şübhələrim var. Deyəsən, VAR hakimləri ikinci hissədə tətildə idilər. VAR yenə qəhvə içməyə getmişdi. Mən də bəzən qəhvə içməyi sevirəm! Ezri Konsanın epizodu açıq-aşkar penalti və qırmızı vərəqə idi. Buna şübhəniz var, yoxsa stadionda bunu təkcə mən görmüşəm? Sarkazmıma görə bağışlayın, amma belə şeyləri ciddi desəm, məni cəzalandıracaqlar. Ona görə də zarafat edirəm".

Qeyd edək ki, qarşılaşmanın 66-cı dəqiqəsində Cordan Pikford İngiltərə cərimə meydançasının kənarında Prins Adu ilə toqquşub. Matçın sonlarına yaxın başqa bir epizodda isə Ezri Konsa cərimə meydançasında qapıçı ilə təkbətək qalan eyni futbolçuya qarşı sürüşmə fəndi tətbiq edib. Referi hər iki vəziyyətdə qayda pozuntusu qeydə almayıb və oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right