İran qadağalardan narazıdır FİFA-ya şikayət edir

İran Futbol Federasiyası milli komandanın dünya çempionatı zamanı üzləşdiyi məhdudiyyətlərlə bağlı FİFA-ya şikayət göndərəcək.

Newsport.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Daha əvvəl İranın Meksikadakı səfiri Əbülfəzl Pasəndide milli komandanın oyun günləri istisna olmaqla ABŞ ərazisində qalmasına icazə verilmədiyini açıqlamışdı. Bildirilir ki, komanda hər matçdan sonra ölkəni tərk etməyə məcburdur.

İran millisinin baş məşqçisi Əmir Qalenoi Yeni Zelandiya ilə keçirilən və 2:2 hesabı ilə başa çatan ilk tur matçından sonra komandanın oyundan iki gün əvvəl Los-Ancelesə yollanmasına və qarşılaşmadan sonra şəhərdə gecələməsinə icazə verilmədiyini söyləmişdi. Bu səbəbdən komanda matçdan dərhal sonra yenidən Meksikaya qayıdıb.

IRNA-nın məlumatına görə, oxşar vəziyyət Belçika ilə iyunun 21-də Los-Ancelesdə keçiriləcək görüş öncəsi də yaşanıb. İran tərəfinin oyundan iki gün əvvəl şəhərə gələrək məşq keçmək barədə müraciəti yenidən rədd edilib.

İran Futbol Federasiyası hesab edir ki, tətbiq olunan məhdudiyyətlər iştirakçı komandalar üçün bərabər şərait yaradılması prinsipinə uyğun deyil və komandaların hazırlıq prosesinə mənfi təsir göstərə bilər. Bu səbəbdən qurum məsələ ilə bağlı FİFA-ya rəsmi etiraz göndərmək qərarına gəlib.

Qeyd edək ki, İran millisi G qrupunda Belçika və Yeni Zelandiya ilə yanaşı, iyunun 26-da Misirlə də qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right