Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın D qrupunda Paraqvayla keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib.
Newsport.az “Ajansspor”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk turda Avstraliyaya 0:2 hesablı məğlubiyyəti də dəyərləndirib.
“Sabahkı oyunu səbirsizliklə gözləyirik. Avstraliyanın əks-hücumlarla oynadığını bilirdik. Həmin matçda 30 zərbə vurduq. Rəqib son 25-30 metrdə 10 nəfərlə müdafiə olunanda bunu yarmaq asan olmur. Hər oyunun öz hekayəsi var. Biz təhlillərimizi etmişik və bəzi məqamlarda daha yaxşı ola bilərdik”, - deyə Montella bildirib.
Türkiyə millisinin baş məşqçisi oyun sonrası yaranan müzakirələrə də toxunub: “Mən xaos yaradaraq Türkiyəyə zərər vermək istəyən insanlardan daha çox türk olduğuma inanıram. Həmişə bu ölkənin uğuru üçün çalışmışam. Beş ildir buradayam və türkiyəlilərin emosiyalarını çox yaxşı bilirəm. Avstraliya məğlubiyyətindən sonra çox üzüldük. Amma həmin oyundan sonra bəzi insanlar vəziyyətdən istifadə edib xaos yaratmağa çalışdılar”.
Montella son illərdə görülən işlərin lazımınca qiymətləndirilmədiyini də vurğulayıb: “Üç ildir futbolçularımla birlikdə yaxşı işlər görürük və uğurlar qazanırıq. Dünyada təqdir olunduğumuz halda, öz ölkəmizdə kifayət qədər qiymətləndirilməməyimiz və ilk məğlubiyyətdən sonra hər şeyi dağıtmağa çalışan bir sistemin olması məni çox üzür. Heç kimin şübhəsi olmasın, növbəti oyunda da həmişəki kimi çalışaraq hədəflərimizə doğru irəliləyəcəyik”.
Qeyd edək ki, 2-ci turda Türkiyə millisinin Paraqvaya qarşı oyunu iyunun 20-si keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 07:00-da başlanacaq.